Moldova millisi fevralın 26-da Ciddədə Səudiyyə Ərəbistanı ilə yoldaşlıq görüşündə münasibətləri aydınlaşdıracaq. Komandanın baş məşqçisi Aleksandr Spiridon bu oyuna toxunmaqla yanaşı, yanvarın 27-də Cənubi Koreya, 30-da isə yığmamızla Antalyada keçirdikləri yoldaşlıq görüşlərinə də toxunub: “Səudiyyə Ərəbistanı ilə oyunda elə çıxış etməliyik ki, futbolçularımdan razı qalım. Hər kəs deyə bilsin ki, komanda qələbə qazanmaq üçün əlindən gələni etdi. Əvvəlki iki oyunda yaxşı rəqiblərlə qarşılaşmışdıq. Həm Cənubi Koreya, həm də Azərbaycan hazırda Moldovadan güclüdü. Amma biz rəqiblərə fikir vermirik. Öz oyunumuzu formalaşdırmalıyıq. Çox dəyişiklik etmək lazımdı və hazırda bu istiqamətdə işləyirik. Cənubi Koreya və Azərbaycanla keçirdiyimiz qarşılaşmalarda yığmanın oyununda dəyişikliklər görə bildiz. Mən də bundan razı qaldım. Oyundan-oyuna inkişaf etsək, bundan məmnun qalaram. Məsələn, Cənubi Koreya ilə görüşlə müqayisədə Azərbaycanla qarşılaşmada daha yaxşı idik. Həmin oyunda 3-4 real qol fürsətini qaçırdıq. Həmin şanslardan yararlana bilsəydik, uşaqlar indi psixoloji cəhətdən özlərini daha inamlı hiss edərdilər”.
Xatırladaq ki, Cənubi Koreyaya 0:1 hesabı ilə yenilən Moldova Qurban Qurbanovun debüt etdiyi görüşdə millimizlə qolsuz bərabərliyə razılaşmışdı.