Sizin reklam burada

Futbol ictimaiyyəti Banişevskinin məzarını ziyarət etdi

Title
Futbol ictimaiyyəti Banişevskinin məzarını ziyarət etdi
"Neftçi" deyəndə, ağla Anatoli Banişevski gəlir. Banişevski deyəndə isə əksinə, "Neftçi". İstedadı yerə-göyə sığmayan mərhum futbolçunun "ağ-qaralar"ın tarixində silinməz izi var. Bundan sonra 100 il keçsə də, Banişevski adı dillərdə gəzəcək, vurduğu qollarla xatırlanacaq. Təkcə 1966-cı ildə qazanılan "bürünc"ə verdiyi töhfə nəyə desən, dəyər. Haqqında saatlarla danışmaq olar.
1946-cı il fevralın 23-də, yəni sövetlər dönəmində “Kişilər Günü” kimi qeyd olunan tarixdə dünyaya göz açan əfsanəvi futbolçunun anadan olmasından 72 il ötdü. Təbii, "Neftçi"də çalışanlar da bu günə biganə qalmadılar. Səhər saatlarında Banişevskinin karyerası ilə bağlı geniş məlumat yayan klub saytında çox keçmədən xəbər yer aldı: "Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 72 il ötür. Bu münasibətlə "Neftçi”nin prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şura üzvləri Səməd Qurbanov və Mehdi Nəcəfov, idman direktoru Ceyhun Sultanov, baş məşqçi Tərlan Əhmədov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular və futbol ictimaiyyətinin digər tanınmış simaları Anatoli Banişevskinin qəbrini ziyarət ediblər. Ziyarətçilər əfsanəvi futbolçu haqda xatirələrini bölüşüb, məzar önünə gül qoyublar".
Biz də öz növbəmizdə Anatoli Banişevskiyə Allahdan rəhmət diləyirik.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.