
AFFA-nın muzeyinin formatı dəyişdirilib
Eksponatlar isə anbara yığılıb
Bir müddət öncə AFFA-nın muzeyinin qapısının qıfıllandığını diqqətinizə çatdırmışdıq. Buna səbəb muzeyin direktoru Abbas Əzimovun səhhətində problem yaranması olmuşdu. Həmin vaxt assosiasiyadan belə məlumat almışdıq ki, muzeylə bağlı yenilənmə işləri aparılır. Dünən yenidən bu məsələyə qayıtdıq və AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrəndik: “Muzeyin formatı dəyişdirilib. AFFA-nın binasının girişində guşə düzəldilib. Ölkə futbolunun tarixi ilə bağlı orda elektron şəkildə məlumatlar var. Gəlsəz, görə bilərsiz. Stadionun maketləri, millinin indiyə qədər geydiyi formalar və elektron məlumatlar var. Böyük monitordu, planşetə girib lazım olan informasiyaları böyük ekranda görmək mümkündü. İndi daha interaktivdi və çox yerdə geniş məlumat əldə etmək üçün elektron formata keçirlər. İstəsəz, baş çəkə bilərsiz. Açıq yerdədi, planşetdən istifadə etməyi bacaran istənilən adam lazımi informasiyanı əldə edə bilir. Əvvəlki muzeydə olan eksponatlara gəlincə, onların hamısı hazırda AFFA-nın anbarında ayrılmış xüsusi guşədə yerləşdirilib”.
FARİZ