İki məşqçi, dörd futbolçu cəzalandırıldı
AFFA İntizam Komitəsinin (İK) dünən keçirilən növbəti iclasında Topaz premyer-liqasında və əvəzedicilərin çempionatında 16-cı, birinci divizionda isə 14-cü turda başverənlər müzakirə olunub və olaylara hüquqi qiymət verilib. Heç şübhəsiz, xüsusilə “Qəbələ” – “Zirə” görüşündən sonra yaşananlarla bağlı hansı ölçü götürüləcəyi maraqla gözlənilirdi. Komitə üzvləri oyunun videoyazısını izləyiblər. Məlum olub ki, davanın əsas iştirakçıları “Qəbələ”dən Qismət Alıyev və Cavid Hüseynov, “Zirə”dən isə Riçard Qadze ilə Sadio Tounkara olub. Aqressiv davranışlara yol verdikləri aşkarlanan futbolçuların hər biri 2 oyunluq cəzalanıb. Bundan başqa, klublar hərəyə 3200 manat cərimələnib. Ancaq bu cəza və cərimələr sırf futbolçulara görədi. “Zirə”nin baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiramiz ifadələr işlətdiyinə görə 5 oyunluq kənarlaşdırılıb, klubunu 4000 manat ziyana salıb. Düzdü, ona verilən 5 oyunun 3-ü şərti cəza kimi tətbiq ediləcək və 6 ay sınaq müddəti tətbiq olunacaq. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. “Qəbələ” təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat ödəyəcək. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq. Sırf oyunun özüylə bağlı cəzalar da var. “Qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, komandasını 800 manat xərcə salıb. Qəsəbə təmsilçisi isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib. Beləliklə, “Qəbələ” – “Zirə” oyunu PFL-i 16000 manat “irəli salıb”.
“Sumqayıt” – “Neftçi” görüşünə gəlincə, 5 oyunçusu xəbərdarlıq alan və bəlli məbləğdə cərimələnən paytaxt təmsilçisini Rəşad Sadiqov daha çox ziyana salıb. Azarkeşi təhqir etdiyi üçün meydandan qovulan yarımmüdafiəçi 3 oyunluq cəza, “Neftçi” 1600 manatlıq cəriməyə məruz qalıb. “Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.
Əvəzedici komandalardan yalnız “Keşlə” “qarmağa ilişib”. “Kəpəz”lə matçın gedişində rəqib futbolçunun ünvanına təhqiramiz ifadələr işlədən Oleq Hüseynov meydandan kənarlaşdırılıb ki, bu da ona 3 oyun cəza, klubuna 800 manat cərimə bahasına başa gəlib.
Diviziona gəlincə, “Turan Tovuz” – MOİK matçında qonaq komandanın üzvlərinin sarı vərəqə sayı 4-ə çatıb ki, bu da 80 manat deməkdi. “Xəzər” – “Sabah” matçının 83-cü dəqiqəsində isə qonaqların futbolçusu Şirməmməd Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, növbəti turu buraxmalı olacaq, bundan başqa, “Sabah” 20 manat cərimə ödəyəcək.
Beləliklə, çərşənbə günü keçirilən iclasda klublara 20100 manat cərimə kəsilib. Bu isə mövsümün əvvəlindən cərimə sanssiyaları üzrə nəzərdə tutulan məbləğin 77440 manata çatması deməkdi.