Şəhriyar Məmmədyarov martın 2-dən 5-dək Moskvada Rus İmpressionizmi Muzeyində keçiriləcək Mixail Talın xatirə turnirində iştirak edəcək. Həmyerlimizin rəqibləri Vladimir Kramnik, Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karyakin, Yan Nepomnyaşi, Daniil Dubov (hamısı Rusiya), Hikaru Nakamura (ABŞ), Vişvanatan Anand (Hindistan) və Boris Gelfand (İsrail) olacaq. Martın 2-dən 4-dək rapid, ertəsi gün isə blits üzrə mübarizə baş tutacaq. Bu, Məmmədyarovun şahmat tacına İddiaçıların Turniri ərəfəsində sonuncu sınağı olacaq.
Bu arada Şəhriyar dünən Milli Gimnastika Arenasında gənc gimnastlarla görüşüb. Qrossmeyster özü və şahmat karyerası haqda danışıb, gimnastların suallarını cavablayıb: “Hesab edirəm ki, gimnastika idman növü olmaqla yanaşı, həm də incəsənətdi. Mən bu idmanı çox sevirəm və qeyd etmək istəyirəm ki, gimnastika Azərbaycanda uğurla inkişaf edir. Son illərdə ölkəmiz böyük uğurlara imza atıb. Gimnastlarımızın çıxışını diqqətlə izləyirəm və onlara gələcək yarışlarda uğurlar arzulayıram”.