Sizin reklam burada

Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər

Title
Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər
Türkiyə çempionatında 22-ci tura yekun vurulub. “Gənclərbirliyi” Ankarada “Göztəpə”ni 3:0 hesabıyla yenib. Dəniz Yılmaz oyunu ehtiyat oyunçular skamyasından izləyib. 25 xalla 13-cü pillədə qərarlaşan “qırmızı-qaralar” növbəti turda “İstanbul BŞ”nin qonağı olacaq.
Cənubi Kipr çempionatının 25-ci turunda “Anortosis”in evdə “Ermis”i 4:0 hesabı ilə darmadağın etdiyini və Araz Abdullayevin 56-cı dəqiqədə meydana çıxdığını xəbər vermişdik. Yığma üzvü bu görüşdə də diqqətləri üzərinə çəkib. Belə ki, qazona ayaq basandan 3 dəqiqə sonra hücuma atılan həmyerlimiz rəqib qapıçını keçdikdən sonra topu qapıya göndərib. Ancaq “dəri kürə” dirəyə tuş gəlib. Qayıdan topu “ağ-göylər”in slovakiyalı legioneri Mixal Duriş tora qovuşdurub. O da maraqlıdı ki, Araz cari mövsümdə artıq bir neçə dəfə rəqib qapısının dirəyini və tirini nişan alıb. Hətta hesablama aparsaq, artıq 14-də dayanan Lionel Messiyə yaxınlaşdığını da görərik.
Legionerlərdən söz düşmüşkən, “Ayntraxt”ın U-19 komandasının tərkibində Renat Dadaşovun 6-cı qoluna imza atdığını bilirsiz. “Karlsrue” ilə qarşılaşmanın yeganə qolunun müəllifi olan yığma üzvü komandasına yeni baş məşqçi təyin olunan Frank Leyxtin etibarını qazanıb. Əsas komandanın baş məşqçisi Niko Kovaç və meneceri Bruno Hübnerin də canlı izlədiyi görüşdən sonra Leyxt hücumçumuzu tərifləyib: “Renat da, başqaları da gənc futbolçulardı. Bəzən onları bağışlamaq lazım gəlir. Bu yaşda hər kəs səhv edə bilər. Şəxsən mən Renatdan razı qaldım. O istədiyim kimi oyun keçirdi”.
Xatırladaq ki, bir müddət öncə klub rəsmiləri Dadaşovun “artırmadığını” və əsas komandaya yüksəlmək perspektivinin sual altında olduğunu açıqlamışdı. Bir sözlə, onun bu qolu təzyiqləri dəf etməsinə yardım edib.
Bu arada Çexiya U-21 liqasında 18-ci turun oyunları keçirilib. “Slaviya” evdə “Dukla”ya müqavimət göstərə bilməyib - 4:8. Start heyətində yer alan Rövlan Muradov 86-cı dəqiqədə əvəzlənib.
Fərid Nəbiyev isə 56-cı dəqiqədə meydana çıxıb və 2 dəqiqə sonra komandasının sonuncu qolunu vurub. 29 xalla 6-cı pillədə qərarlaşan "ağ-qırmızılar" növbəti turda "Teplitse"nin qonağı olacaq.
SƏRXAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.