Cavid İmamverdiyev (Sumqayıt)
Premyer-liqanın 16-cı turunun maraqla gözlənilən qarşılaşması Sumqayıtda baş tutdu. Avrokuboklar uğrunda mübarizə aparan “Sumqayıt”la “Neftçi”nin duelində birincilər iki cavabsız qolla qalib gəldi. “Kimyaçılar”ın əsas rəqibi ilə aradakı xal fərqini artırdığı görüşün ən yaxşısı Cavid İmamverdiyev idi. Yarımmüdafiəçi oyunboyu yüksək performans sərgilədi, qələbədə əsas pay sahibi oldu, “Neftçi”nin qapısına vurulan ikinci qolun məhsuldar ötürməsini verdi. İmamverdiyev cari mövsümdən öncə bir müddət karyerasında eniş yaşasa da, “Sumqayıt”a keçəndən sonra xeyli “artırdığını” bu oyunda da sübut etdi. Hər halda, Qurban Qurbanov onu boş yerə yığmaya çağırmamışdı.