Dünya üzrə məşhur GQ jurnalının Türkiyə redaksiyası ilin ən yaxşılarını açıqlayıb. İstanbulda keçirilən tədbirdə xarici görünüşü, geyim tərzi və uğurları ilə ötən ilə damğa vuran idmançı, aktyor, rejissor, musiqiçi və elm adamları mükafat alıb. Ötən ilin avqustunda Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev qardaş ölkənin ən yaxşı idmançısı seçilib.