“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə birgə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda “Formula-1” çempionatı keçirəcək. Çempionat çərçivəsində, həmçinin yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunacaq. Layihənin məqsədi regionlarda gənclər arasında F-1 və yol hərəkəti təhlükəsizliyi haqda məlumatlılığı artırmaqdı. Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın yuxarı sinif şagirdləri iştirak edəcək. Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək. Həmin qaliblər Novruz bayramı ərəfəsində Bakıda təşkil olunacaq final turunda yarışacaq. Yarışın sonunda qaliblərlə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və qiymətli hədiyyələr təqdim olunacaq.
Bununla bağlı dünən “Kristal Zal”da keçirilən mətbuat konfransında BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai layihənin region ictimaiyyəti arasında F-1-ə böyük həvəs yaradacağına əminliyini bildirib: “Son illər ölkəmizdə keçirilən “Formula-1” yarışları ictimaiyyət arasında bu idmana böyük maraq oyadıb. Yarışlar Bakıda keçirildiyindən F-1-in əyləncə və coşğusunu paytaxt sakinləri daha çox hiss edir. Ona görə də bu layihə vasitəsilə çalışırıq ki, region ictimaiyyəti də Bakıdakı yarış həyəcanını və coşğusunu yaşaya bilsin. İnanırıq ki, bu layihə region əhalisini F-1 ilə daha yaxından tanış edərək ictimaiyyət arasında avtoidmana maraq göstərən azarkeşlərin sıralarını önəmli dərəcədə genişləndirəcək”.