Sizin reklam burada

Orxan Hüseynzadə getdi, Kamran Quliyev gəldi

Müəllif: football Tarix: 18-02-2018, 11:59 1 586 Baxış
Orxan Hüseynzadə getdi, Kamran Quliyev gəldi
Anar Şabanoğlu: “Şəxsi işlərinin çoxluğuna görə istefa verdi”
Dünən günorta saatlarında “Neftçi”nin saytı hər kəsin təəccübünə səbəb olan xəbərlə gündəmə gəldi: “Orxan Hüseynzadə istefa verib”. Mətnin içində isə bunlar qeyd olunub: "Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib. O, bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. Orxan Hüseynzadənin istefası qəbul olunub. "Neftçi” PFK Orxan Hüseynzadəyə gələcək fəaliyyətində uğurlar arzulayır”.
Çox keçmədən saytda daha bir xəbər yerləşdirildi: “Kamran Quliyev "Neftçi” Peşəkar Futbol Klubunun prezidenti vəzifəsinə təyin olunub”.
Dəyişikliyin özündə qeyri-adi heç nə yoxdu. Əslində başqa cür ola da bilməzdi. İllərdi eyni tendesiyaya – klublara AFFA-nın baş katibi Elxan Məmmədova yaxın şəxslərin rəhbər təyin olunmasına şahidlik etməkdəyik. Kamran bəy Məmmədovun olduqca yaxın adamıdı. Uzun müddət AFFA-da çalışdıqdan sonra 2011-ci ildə “Sumqayıt”a prezident göndərilmişdi. Bu dəfə isə ona “Neftçi”də eyni post həvalə olundu. Belə deyək, “Neftçi”ni xalqın yox, şəxsi mülkü kimi idarə edənlər bir başdakı papağı götürüb başqa başa qoydular.
Amma daha aktual sual var: Hüseynzadənin getmək fikri var idisə, niyə bunu bir ay əvvəl, yəni fasilə yarananda yox, indi bildirdi? Bu sualın iki cavabı var. Ya şəxsi maraqları üçün transferlərin həyata keçməsini gözləyirmiş ki, Kamil Məmmədovla işbirliyini tamamlasın, ya da məhz həmin işbirliyi ona baha başa gəlib. Saytda yazıldığı kimi, öz xoşuyla getməyib, sponsorların qəzəbinə tuş gələrək qovulub. Maraq üçün qeyd edək ki, bu, 2015-ci ilin martından bəri rəhbər postunda üçüncü dəyişiklikdi. İlk dəfə icraçı direktor vəzifəsini tutsa da, Elnur Məmmədov klubda əsas söz sahibi sayılırdı. Yarıtmaz işlərlə yuxarıda oturanların diqqətini çəkəndən sonra Məmmədov qovuldu, onun əvəzinə Orxan Hüseynzadə gətirildi. Bu dəfə də Hüseynzadə yola salındı. Halbuki yayda bəndənizə verdiyi bir səhifəlik müsahibədə “Neftçi”nin şanlı gələcəyindən, geniş planlardan söz açmışdı. O da üç “transfer pəncərəsi”nin dadını görəndən sonra getdi. Necə ki, Elnur Məmmədov da eyni sayda “transfer pəncərəsi”ndən maksimum yararlanmağa çalışmışdı. Məntiqlə, Kamran Quliyev “Neftçi”ni “hər prezident üç fasilə dönəmində özünə gün ağlamalıdı” prinsipiylə 2019-un payızında tərk etməlidi.
Orxan Hüseynzadənin gözlənilməz istefasının səbəbini öyrənmək üçün klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anar Şabanoğlunu aradıq: “Şəxsi məsələləriylə bağlı öz istəyi ilə istefa verdi. Belə deyim, şəxsi işlərinin çoxluğuna görə”.
HƏBİB
SON XƏBƏRLƏR