“Əsas məqsədi məni şərləyib pul qoparmaq idi”
Ötən saylarımızın birində Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədovun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarından zərərçəkmişin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesinin keçiriləcəyini xəbər vermişdik. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Bunu bizimlə söhbətdə Maşallah bəy bildirdi. Veteran futbolçu prosesin fevralın 6-da baş tutduğunu, Ali Məhkəmənin də Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladığını söylədi: “Bütün araşdırmalar bir daha sübut etdi ki, şikayətçi olan Yusif Əzizov əsassız yerə mənə şər və böhtan atıb. Bu insanın əsas məqsədi məni şərləyib pul qoparmaq idi ki, istəyinə də çatmadı. Məhkəmə sisteminin ədalətli qərarları onun arzusunu gözündə qoydu”.
Xatırladaq ki, Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin sabiq futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin Maşallah bəy sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. Binəqədi Rayon Məhkəməsində barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan Binəqədi Rayon Məhkəməsi veteran futbolçu barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edərək, onu ev dustaqlığına buraxıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah bəy 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə isə Əhmədovun barəsində çıxarılmış birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, cəzası 8 ildən 2 ilə endirilib. Həmin qərardan narazı qalan zərərçəkmiş Yusif Əzizov Ali Məhkəməyə müraciət etmişdi. Əhmədov ötən il oktyabrın 7-də saxlanıldığı Bakı İstintaq Təcridxanasından cəzasının dörddəüç hissəsini çəkdiyi üçün vaxtından 2 ay əvvəl azadlığa buraxılıb. Onun azadlığa buraxılması ilə bağlı apellyasiya şikayəti və apellyasiya protesti isə verilməyib.
RƏŞAD