
Bədii gimnastımız Olimpiadaya lisenziya qazandı
Bədii gimnastımız Dərya Farşbavşəhriyari bu il Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmə və gənclərin 3-cü Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Farşbavşəhriyari bu vəsiqəni Rusiyanın paytaxtı Moskvada keçirilən “Qran-pri” turnirində əldə edib. O, hərəkətlərin cəmində 53,50 balla 14-cü yeri tutub. Yeniyetmə gimnast halqa ilə 14,500, topla 13,350, gürzlərlə 14,300, lentlə isə 11,350 bal toplayıb. Bu nəticə isə lisenziya üçün yetərli olub. Beləliklə, Dərya ölkəmizi yeniyetmə və gənclərin Olimpiadasında təmsil edəcək ilk bədii gimnast olub. Qeyd edək ki, Olimpiya Oyunlarında stolüstü tennisçi Ninq Jinq və üzgüçü Fatimə Alkərəmovanın iştirak edəcəyi dəqiqləşmişdi. Olimpiadanın oktyabrın 6-dan 18-dək keçiriləcəyini də nəzərinizə çatdıraq.