Toğrul Əsgərov sabahdan yığmanın məşqlərinə qatılacaq
Sərbəst güləş üzrə yığmamızın aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində təşkil olunacaq Dünya Kubokundakı rəqiblərinin müəyyənləşdiyini bilirsiz. Xatırladaq ki, A qrupunda ABŞ, İran, Gürcüstan və Yaponiya yer alıbsa, B qrupunda Rusiya, Azərbaycan, Qazaxıstan və Kuba mübarizə aparacaq. Müqayisə apardıqda millimizin nisbətən münasib qrupa düşdüyünü söyləyə bilərik. Düzdü, Rusiya çox güclü rəqibdi. Ancaq Qazaxıstanla Kubanı üstələmək Firdovsi Umudovun yetirmələri üçün problem olmamalıdı. Halbuki A qrupunda ABŞ və İran kimi güclü komandalar yer alıb. Heç Gürcüstan da sıradan rəqib deyil. Ancaq baş məşqçi arxayınlaşmaq üçün səbəb görmür. Firdovsi Umudovu dinləyək: “Püşkə münasibətim normaldı. Hansı qrupa düşməyimizin ciddi önəmi yoxdu. Çünki bütün rəqiblərə eyni gözlə baxırıq. Dünya Kubokunda zəif rəqib yoxdu. Bütün komandalar güclüdü. Amerikaya hansı heyətlə yollanacağımızı hələ müəyyənləşdirməmişik. Ukraynada keçiriləcək yarış seçim etmək üçün əla fürsətdi. Dünya Kubokuna qədər Bolqarıstanda baş tutacaq beynəlxalq turnirə qatılmaq fikrimiz də var. Türkiyədəki ənənəvi yarışın isə vaxtı dəyişdirilib. Əsasən Ukraynadakı turnirdə qeydə alınacaq nəticələrə uyğun Dünya Kuboku üçün heyəti müəyyənləşdirəcəyik”.
Firdovsi bəy ötən ay Hindistanda keçirilən “Pro Liqa” turnirinə qatılan Hacı Əliyevin (65 kq) çıxışına da münasibət bildirdi: “Onun görüşlərini izlədim. Fikrimcə, normal çıxış etdi. Düzdü, müəyyən səhvlər var idi və bunların üzərində işləyəcəyik. Ancaq unutmayaq ki, Hacı bu kateqoriyaya yenicə keçib. Bir az sonra bütün rəqiblər üçün Əliyevlə güləşmək çox çətin olacaq”.
Güləş Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsini də daşıyan Umudov söhbətin sonunda şad xəbər verdi: “Ötən ilin aprelində dopinqə görə 1 illik diskvalifikasiya olunan Toğrul Əsgərov yenidən yığmanın hazırlığında iştirak edəcək. AMADA-dan artıq bunun üçün icazə gəlib. Fevralın 17-dən (sabahdan) millinin məşqlərinə qatılacaq. Ancaq yarışlarda iştirak etməsi üçün cəza müddətini başa vurmalıdı”.