“Sumqayıt” – “Neftçi” matçı ərəfəsində klubların düşərgəsində nələrin yaşandığını, ab-havanın necə olduğunu, futbolçuların oyuna necə hazırlaşdığını bilmək üçün hər iki komandadan bir futbolçu ilə danışmağa qərar verdik. Kimlərlə söhbətləşmək haqda isə çox düşünmədik. Belə ki, hər iki düşərgədə “Sumqayıt” – “Neftçi” və ya əks istiqamətə üz tutan futbolçular olub. Məhz onların fikirlərini öyrənməyi lazım bildik.
“Ağ-qaralar”ın heyətində belə oyunçu Mirabdulla Abbasovdu. Ötən mövsüm icarə əsasında “kimyaçılar”ın şərəfini qoruyan və Samir Abasovun ən çox güvəndiyi oyunçulardan olan forvard mövsümlərarası fasilədə yenidən paytaxt təmsilçisinə döndü. Əslində 2016/17 “futbol ili”ndə “ağ-göylər”in heyətində 27 oyuna çıxıb 8 dəfə fərqlənən hücumçu cari mövsümü də “Sumqayıt”da keçirmək istəyirdi. Lakin “Neftçi” rəhbərliyi onu geri qaytarmağa qərar verdi. Ötən il vurduğu qollarla sumqayıtlı azarkeşlərə sevinc bəxş edən Abbasov sabahkı oyunla bağlı bunları söylədi: “Sumqayıt”la oyunun məsuliyyətini yaxşı dərk edirik. Bizim kimi, rəqib də avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Qış fasiləsindən sonra baş tutan ilk turda “Kəpəz”i udmağımız psixoloji cəhətdən də bizə müsbət təsir etdi. Bu tur da uğurun davamını gətirmək istəyirik. Bütün kollektiv böyük həvəslə məşq edir və qələbəyə köklənib. Heç-heçənin bizə sərf etdiyinə gəlincə, biz heç vaxt “sülh” barədə düşünüb meydana çıxmırıq. Bütün matçlarda hədəfimiz 3 xaldı. Fərqi yoxdu, komanda “doğma divarlar” arasında oynayır və ya səfərdə. “Sumqayıt”la görüşdə də məqsədimiz qələbə olacaq və istəyimizə çatmaq üçün var qüvvəmizlə çalışacağıq”.
Hazırda “Sumqayıt”ın uğurları üçün çalışan Rail Məlikov isə 2007-12-ci illər aralığında “ağ-qaralar”ın şərəfini qoruyub. Bir müddət paytaxt təmsilçisinin kapitanı da olan müdafiəçi sabiq klubu ilə oyundan öncə nikbin tonda danışıb, qələbə qazanacaqlarına inandığını bildirdi: “Neftçi” ölkənin ən köklü klubudu, uzun illər bu komandanın heyətində çıxış etmişəm. “Neftçi”yə daim böyük hörmətim olub. Ancaq hazırda “Sumqayıt”ın futbolçusuyam və bu komandanın uğur qazanmasını istəyirəm. Hər iki klub yayda Avropa Liqasında çıxış etmək istəyir. Buna görə də bizi şənbə günü gərgin və maraqlı oyun gözləyir. “Neftçi”nin yoldaşlıq oyunlarında qeydə alınan nəticələrə əsaslanıb “bu komandanı asanlıqla udacağıq” kimi fikirlərdən uzağıq. Yoxlama matçlarında hesab o qədər də önəm kəsb etmədiyindən baş məşqçilər optimal variantı tapmaq üçün bir çox dəyişikliklərə əl atır ki, bu da istər-istəməz bəzən nəticəyə təsir edir. Rəsmi qarşılaşmalarda ab-hava tam fərqli olur. “Sumqayıt”ın düşərgəsində hər şey qaydasındadı və böyük həvəslə oyunu gözləyirik. Qarşı tərəfə nə qədər böyük hörmətim olsa da, hakimin start fitindən sonra hər şey yaddan çıxır və idman prinsipi, qələbə qazanmaq istəyi özünü büruzə verir. Qarşılaşmanın “doğma divarlar” arasında keçirilməsi də məsuliyyətimizi ikiqat artırır. Çalışacağıq 2018-də azarkeşlərimiz qarşısında keçirdiyimiz ilk görüşdə onları sevindirək və ən əsası əsas rəqibimizlə aradakı xal fərqini artıraq. Bir sözlə, meydanda sona qədər vuruşub, 3 xalı qazanmağı planlaşdırırıq”.
RƏŞAD