“İnsanlar həmin gecə yatmaq istəmirdilər”
Qış fasiləsində Çin təmsilçisi “Xançjou Qrintaun”a üz tutan Dino Ndlovu “Qarabağ”lı günlərini yada salıb. O xarici mətbuata müsahibəsində ölkəmizdəki karyerasından danışıb, “köhlən atlar”ın heyətində keçirdiyi önəmli oyunları yada salıb: “Çelsi” ilə qarşılaşma karyeramda özümü məktəbə yeni başlayan uşaq kimi hiss etdiyim məqamlardandı. Başa düşdüm ki, bu matçda olmaq üçün üzərimdə dayanmadan çalışmışam. Ancaq Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə səfər qarşılaşmasını da unuda bilmərəm. Final fitinə qədər oyunun içində idim. Paltardəyişmə otağına gedəndə insanların reaksiyasını gördüm. Bu uğuru Azərbaycanda təmtəraqla qeyd etdilər. İnsanlar həmin gecə yatmaq istəmirdilər. Çünki bizim bu nailiyyətimizi bayram edirdilər. Bakıda bunları görəndə özümü vurmağa başladım ki, ayıl, tarix yazmışıq! Əksər insanlar Azərbaycan haqda məlumatlı olmasalar da, həmin uğurdan sonra Kopenhagendən qayıdanda hava limanında bizi qarşılamaları məni heyrətləndirdi. Xeyli sayda adam komandanı qarşılamağa gəlmişdi. Bu, karyeramın ən yaxşı anlarından biri idi”.
Ndlovu futbolçu həyatında imza atdığı uğurlarda ailəsinin böyük rolunun olduğunu söyləyib: “Onlar xoşbəxt olanda, mən də özümü xoşbəxt hiss edirəm. Bir məqam oldu ki, karyeramla bağlı verdiyim qərarlardan ailəm əziyyət çəkdi. Həmin vaxt güzgünün qarşısında dayanıb özümə sual verdim: karyeramı davam etdirmək baxımından düzgün addım atıram? Bu, futbolçu həyatımda həlledici rol oynadı və Avropaya getməyi qərara aldım. Həmin andan həyat mənim üçün çiçəkləndi”.
Dino “Qarabağ”la qitənin ən mötəbər klub turnirində iştirakını karyerasının xüsusi anı kimi qabardıb: “Çempionlar Liqasında oynamaq, İtaliya, İngiltərə, İspaniya, Almaniya və Fransa liqalarının çempionları ilə eyni turnirdə yarışmaq insanı xoşbəxt edir. Onların böyük təcrübəsi olsa da, siz həm öz, həm də klubun tarixində ilk dəfə belə bir yarışa qatılırsız. Buna görə də bizi nə gözlədiyini bilmirdik. Amma mən qrupdakı çıxışımızdan razıyam. Düzdü, növbəti mərhələyə adlaya bilmədik. Ancaq debüt ilimizdə 2 xal toplamağı bacardıq. Ən yaxşı oyunumuzu göstərdik, heç kimdən qorxmadıq və digər klublar bizi qəbul etdilər”.
FARİZ hazırladı