“Qəbələ”nin yetirmələrinin yataqxana problemi həll olundu
2016-cı il oktyabrın 20-də ölkə mətbuatının əsas diqqəti Bakı Olimpiya Stadionuna (BOS) yönəlmişdi. Yox, həmin tarixdə bu nəhəng arenada yığmamız hansısa komanda ilə münasibətləri aydınlaşdırmırdı. Möhtəşəm, qeyri-adi fintləri ilə əksər futbolsevərləri sehrinə salan Ronaldinyo BOS-da mətbuat konfransı keçirirdi. Onu bura gətirən “Qəbələ”nin rəhbərliyi idi. Həmin tədbirdə qeyd olundu ki, bir neçə aydan sonra futbolçunun adını daşıyacaq akademiyanın bir filialı da Bakıda açılacaq. Bunun sırf kommersiya məqsədli layihə olduğu da vurğulanmışdı. İnfrastrukturu klub yaratmalı, məşqçilər isə Ronaldinyo Futbol Akademiyasından gəlməliydi. Ancaq aradan bir ildən çox vaxt keçib. Hələ də akademiya fəaliyyətə başlamayıb. Yox, layihə puça çıxmayıb. Sadəcə, müəyyən səbəblərdən iş ləng gedir.
Məsələnin nə yerdə olduğunu öyrənmək üçün “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovla əlaqə saxladıq: “Demək olar ki, hər şey hazırdı. Artıq akademiya üçün yer müəyyənləşib. Layihə də hazırdı. Yaxın günlərdə bu haqda klub tərəfindən açıqlama veriləcək. Bu üzdən detallarla bağlı indi geniş danışa bilmərəm. Məkanın harda yerləşdiyini də həmin açıqlamada qeyd edəcəyik. Tezliklə inşaata start veriləcək. Bir standart, iki yarımmeydançamız olacaq. Bundan başqa, böyük inzibati otaq tikiləcək. Akademiya tam hazır olandan sonra açılış mərasimi keçiriləcək və bu tədbirdə Ronaldinyo da iştirak edəcək”.
Fürsətdən istifadə edib “Qəbələ” Futbol Akademiyasında görülən son işlərlə bağlı da məlumat aldıq: “Bu həftənin sonuna kimi akademiyanın bütün üzvləri yataqxanaya köçəcək. Valideynləri həftəsonu dəvət edib, təhvil-təslim işlərini yekunlaşdıracağıq. Qalan işlərimiz isə ənənəvi qaydada davam edir”.
SƏRXAN