Sizin reklam burada

Budaq Nəsirov zədə üzündən oynamır

Müəllif: football Tarix: 16-02-2018, 07:52 855 Baxış
Budaq Nəsirov zədə üzündən oynamır
Vaqif Heydərli: “Slaviya“ qarşıdakı üç gündə qərarını açıqlayacaq”
Üç azərbaycanlı futbolçunun Praqa “Slaviya”sında baxışda olduğunu ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, “Qəbələ”nin yetirmələri Rövlan Muradov, Amin Seydiyev və Samir Qurbanov Çexiyanın ən köklü klubunun məşqçilər korpusunun etimadını qazanmağa çalışır. Menecer Vaqif Heydərlinin vasitəçiliyi ilə “Slaviya”da baxış olan futbolçular barədə əvvəlcə yanvarın 28-də qərar veriləcəyi bildirilsə də, sonradan baxış müddətinin uzadıldığı məlum oldu. Bu haqda Vaqif bəy qəzetimizə açıqlamasında bildirmişdi. Heydərli onu da qeyd etmişdi ki, gənc futbolçularla bağlı yekun qərar fevralın 10-da açıqlanacaq. Ancaq deyilən tarixdə də “Qəbələ”nin yetirmələrinin taleyinə aydınlıq gəlmədi. Son qərarın nəyə görə gecikdiyini bilmək üçün Vaqif bəylə əlaqə saxladıq: “Qarşıdakı üç gündə Rövlanla Amin barədə qərar açıqlanacaq. Samir isə “Slaviya”da təcrübə keçir. Əslində Qurbanov adını çəkdiyim iki futbolçudan daha tez “Slaviya”nın düşərgəsinə yollanmışdı. Ümid edirəm ki, “Slaviya” rəhbərliyinin son qərarı futbolçularımızın xeyrinə olacaq və onlar da Fərid Nəbiyev kimi karyeralarını Praqa klubunda davam etdirəcəklər. Fərid “Slaviya”da özünü yaxşı tərəfdən göstərə bildiyindən çexlərin azərbaycanlı gənclərə marağı artıb. Ümid edirəm ki, klub rəhbərliyinin iki gənclə bağlı qərarı da bizim üçün sevindirici olacaq”.
Heydərlinin müştərilərindən biri də Lissabon “Sportinq”inin B komandasının şərəfini qoruyan Budaq Nəsirovdu. Portuqaliyan nəhəngi ilə 5 illik müqavilə imzalayan yarımmüdafiəçinin adı son iki turda iştirak ərizəsinə salınmayıb. Vaqif bəylə söhbətdə Nəsirovun heyətdən kənarda qalmasının səbəbini də aydınlaşdırdıq. Sən demə, Tovuz futbol məktəbinin yetirməsi zədə səbəbindən son qarşılaşmalarda meydana çıxmayıb: “Budaqın son iki matçda heyətdə olmamasında qeyri-adi heç nə yoxdu. Nəsirov belində ağrılar olduğuna görə “Sportinq”in B komandasının iki oyununda meydana çıxmayıb. Budaq oyunöncəsi məşqdə zədələnmişdi. Düzdü, ötən həftənin sonunda baş tutan oyunda meydana çıxmaq ehtimalı var idi. Sadəcə, məşqçilər korpusu risk etməyi lazım bilmədi. Böyük ehtimalla Budaq növbəti turda artıq meydanda olacaq”.
Vaqif bəy bizimlə söhbətdə onu da bildirdi ki, qış fasiləsində Budaqa yetərincə maraq olub. Bəzi klublar onu heyətinə qatmaq istəyib: “Mövsümün ilk yarısı başa çatandan sonra Budaqla bağlı “Sportinq”ə müraciətlər olmuşdu. Onların arasında Portuqaliyanın birinci dəstəsində çıxış edən, Türkiyə superliqasında mübarizə aparan bir klub var idi. Onlardan başqa, Azərbaycan premyer-liqasından iki klub Nəsirovu icarə qaydasında heyətinə qatmaq istəyirdi. Onu da qeyd edim ki, Türkiyə klubu turnir cədvəlinin aşağı pillələrində yer alıb. Açığı, Budaqın karyerasını Türkiyədə davam etdirməsini istəyirdim. Ancaq klub rəhbərliyi futbolçusunu autsayder komandaya verməkdə maraqlı olmadı. Böyük ehtimalla yayda bu məsələni yenidən müzakirə edəcəyik. Budaq “Sportinq”in B komandasının şərəfini qorusa da, ən azı həftədə iki dəfə əsas komanda ilə birgə məşqə çıxır”.
RƏŞAD
SON XƏBƏRLƏR