Sizin reklam burada

“Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq

Title
“Sumqayıt” “Neftçi” azarkeşlərinə limit çərçivəsində yer ayıracaq
Premyer-liqanın 16-cı turunun ən maraqlı oyunu Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası “Kapital Bank Arena”da turnir cədvəlində qonşu olduğu “Neftçi”ni qəbul edəcək. Xatırladaq ki, hesabında 21 xal olan “kimyaçılar” “ağ-qaralar”ı 2 xal qabaqlayır. Çoxlarının fikrincə, Tərlan Əhmədovun komandası “gənclik şəhəri”nin təmsilçisi ilə görüşdə ən azı heç-heçə etsə, avrokuboklara vəsiqə verən 4-cü yeri təmin etmək baxımından önəmli addım atmış olacaq. Çünki 4-cü dövrədə flaqman “ağ-göylər”i “doğma divarlar” arasında qəbul edəcək. Bu səbəbdən fevralın 17-də keçiriləcək görüşə hər iki komanda ciddi hazırlaşır.
Komandalarla yanaşı, hər iki klubun azarkeşləri də artıq indidən şənbə günü baş tutacaq matça ciddi hazırlıq görür. Sumqayıtla paytaxt arasında məsafənin yaxın olduğunu nəzərə alsaq, “Neftçi” fanatlarının fevralın 17-də “Kapital Bank Arena”ya axın edəcəyi gözləniləndi.
Bəs görəsən, 1326 yerlik arenada qonaq komandanın tərəfdarları üçün neçə yer ayrılacaq? “Bakcell Arena”da keçirilən görüşlər zamanı sumqayıtlı fanatlardan bilet almağı tələb edən, qonaqların prezidenti Kamran Quliyevi əlini cibinə atmağa məcbur edən “ağ-qaralar”ın rəsmiləri azarkeşləri üçün “kimyaçılar”ın rəhbərliyinə müraciət edibmi? Bus suallara cavab tapmaq üçün “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq: “Bu günə kimi qarşı tərəfdən bizimlə əlaqə saxlayan olmayıb. Ola bilsin, sabah (bu gün) müraciət edəcəklər. Çünki “Neftçi” rəhbərliyi hər dəfə bu məsələ ilə bağlı bizə məktub ünvanlayır. Müraciət olunsa da, olunmasa da, rəqib komandanın azarkeşlərinə limitin imkan verdiyi civarda yer ayrılacaq. Çətin ki, bundan artığına imkanımız olsun. Artıq “Zirə” ilə qarşılaşmadan sonra bütün Sumqayıt “Neftçi” ilə oyunu gözləyir. Komandaların turnir cədvəlindəki mövqeyi oyuna marağı daha artırıb. Bütün şəhər səbirsizliklə şənbə gününü gözləyir. Bunu hər addımda hiss etmək mümkündü”.
Məmmədov özü də qeyd etdiyi kimi, “Kapital Bank Arena”da keçirilən oyunlara bilet satışı təşkil olunmur. Bu üzdən istənilən “Neftçi”fanatı asanlıqla oyunun keçiriləcəyi arenaya daxil olub sumqayıtlı azarkeşlərin arasında özünə yer edə, bu da 90 dəqiqənin gedişində xoşagəlməz insidentlərə səbəb ola bilər. Ancaq “Sumqayıt” rəsmisi bunun da qarşısının alınacağını bildirdi: “Bütün bu məqamlar nəzərə alınıb. Bu adi bir oyundu. İstəmərik ki, “Kapital Bank Arena”da azarkeşlər arasında xoşagəlməz olaylar yaşansın. Şəhərin hüquq-mühafizə orqanları, oyun vaxtı asayışı təmin edən polis əməkdaşları bu məqamları nəzərə alıb əvvəlcədən qabaqlayıcı tədbirlər görəcək”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.