Klub rəsmisi “feysbuk”da paylaşılan postla razılaşmadı
Ölkə futbolunda azarkeş probleminin olduğu gün kimi aydındı. Yalnız birinci divizion təmsilçilərinin oyunlarında yox, premyer-liqada da arenalar boş qalır. Hətta ən maraqlı oyunlarda belə azarkeşləri stadionlara cəlb etmək müşkül məsələyə çevrilib. Ölkədə futbola maraq aşağı səviyyədədi. Bəlkə də “Qarabağ” və “Qəbələ”nin son illərdəki uğurları olmasaydı, bu maraq sıfır həddinə enərdi. Bakı təmsilçisi “Neftçi”, paytaxtda məskunlaşan “Qarabağ” və Gəncə adına çıxış edən “Kəpəz”i nəzərə almasaq, digər klubların oyunlarına barmaqla sayılacaq qədər tərəfdar gəlir. Milli çempionatda rəqabətin olmaması, ölkədəki ağır iqtisadi-sosial durum, regionlarda komandaların azlığı azarkeş sayına çox ciddi təsir edən amillərdəndi. “Kəpəz” premyer-liqaya qayıtdıqdan sonra komandanın oyunlarına şəhərin rəhbərliyi tərəfindən azarkeşlərin məcburi şəkildə gətirilməsi ilə bağlı məlumatlar, hətta faktlar var idi. Düzdü, klub rəsmiləri dövlət işində çalışanların məcburi şəkildə stadiona gətirilməsini təkzib etdi. Amma biz durumu çox yaxşı bilirik. Daha sonra “Keşlə” rəhbərliyi, xüsusilə klubun Müşahidə Şurasının (MŞ) sədri Zaur Axundov bu cür əməllərlə yadda qaldı. O, rəhbərlik etdiyi bir neçə şirkətin əməkdaşlarını həftəsonları komandasının oyunlarına məcbur gətirirdi. Deyilənə görə, bu ənənə hazırda da davam edir.
Ölkədə bəzi klubların müəyyən məbləğ qarşılığında azarkeşləri oyunlara cəlb etməsi təcrübəsi çoxdan mövcuddu. Lakin heç bir klub bunu açıq-aşkar şəkildə etmir. Çünki yaxşı bilirlər ki, bu, onların nüfuzuna xələl gətirəcək, etdikləri hərəkət bir neçə gün KİV-in manşetində olacaq. Amma artıq bu cür əməllərdən çəkinməyən komandalar da var. Bu, cari mövsümdən birinci divizionda çıxış etməyə başlayan, ilk dövrədən sonra 16 xalla 10 komanda arasında 8-ci olan “Xəzər”di. İlk dövrədə oyunlarına, demək olar ki, azarkeş gəlməyən komanda mövsümün ikinci yarısında bu problemi aradan qaldırmaq üçün pulla azarkeş cəlb etmək istəyir. Hər azarkeşə 5 manat təklif olunur. Bu barədə Sakit Xəlilov adlı şəxs “feysbuk” sosial şəbəkəsində post yazıb. Paylaşım yalnız şəxsi hesabında yox, qruplarda və səhifələrdə də olub. Postda belə yazılıb: “Futbol komandasına azarkeşlik etmək üçün 70 nəfər lazımdı. 90 dəqiqəlik oyuna 5 AZN veririk”. Xəlilovun “Xəzər”ə yaxın şəxslərdən biri olduğunu təxmin etmək çətin deyil. Onun profilində, örtük şəklində klubun loqosu var. Lakin sonradan həmin loqo götürülüb və profilə öz şəkli qoyulub. Elanda yazılan 055-615-75-11 nömrəsi ilə də əlaqə saxladıq. O artıq bu elanın ləğv olunduğunu söylədi, azarkeş axtarmadıqlarını bildirdi. Sakit bəyə ünvanladığımız “siz “Xəzər” klubu üçün azarkeş axtarırdız” sualına o, qısaca “xeyr” deməklə kifayətləndi. Aşkar şəkildə söhbətdən qaçdı, suallarımızı cavablamaqdan imtina etdi.
Məsələ ilə bağlı “Xəzər”in Marketinq və Sosial Media Departamentinin rəhbəri Rəhim Əliyevlə əlaqə saxladıq. Rəhim bəy məsələdən xəbərdar olduğunu gizlətmədi: “Bəli, dünən (srağagün) bu cür paylaşıma rast gəldik. Klubumzun adından paylaşmışdılar ki, pulla azarkeş axtarırıq. Bunu bizə aidiyyatı olmayan insanlar yayıblar. Komandaya qarşı təbliğat aparırlar. Mövsümün ikinci yarısı başlayır. Kimsə bizim imicimizi zədələmək istəyir. Səbəbini bilmirik. Gözləri bizi götürmür”.
Əliyev deyir ki, “Xəzər” heç vaxt bu cür addımlar atmayacaq: “Biz heç vaxt pulla azarkeş gətirməyəcəyik. Azarkeş istəyər, gəlib baxar, istirahətini edər. Əvvəl ev oyunlarımızı Şüvəlanda keçirirdik. Yol çox uzaq idi, tərəfdarların gəlməsi problemə çevrilmişdi. Biz yeni klubuq, o qədər azarkeşimiz yoxdu. Amma mövsümün ikinci yarısından “İnter Arena”da çıxış edəcəyik. Düz şəhərin mərkəzidi. Sosial şəbəkələrdə də oyunların saatı, yeri ilə bağlı məlumat yaymışıq. Kim istəyirsə, gəlib baxar. Azarkeşə pul vermək barədə qəti şəkildə düşünmürük. Bu, bizə yaraşmaz. İstəyirik komandamızı kluba görə yox, ürəkdən sevsinlər”.
ŞƏFİ ŞƏFİYEV