“Formula-1”in baş icraçı direktoru Çeys Keri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) və ölkəmizin aparıcı biznes qurumlarının təmsilçilərinin iştirakı ilə “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları-2018” mövzusunda Bakıda ikinci dəfə baş tutan beynəlxalq konfransda nitq söyləyib. Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans BŞH, Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycandakı Amerika Ticarət Palatasının (AATP) birgə təşkilatçılığı ilə keçirilib. Konfrans zamanı Keri “Formula-1”in gələcəyilə bağlı fikirlərini bölüşüb. O, həmçinin bu avtoidmanın və onun çox sayda qlobal tərəfdaşının bir araya gələrək uzun müddət yaddaşlarda qalacaq ən yüksək səviyyəli çempionatı keçirməyə dair gələcək planlarından danışıb.
“Formula-1”in Təşkilatçılar və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloy Tarqet-Adams isə belə irimiqyaslı yarışların keçirilməsinin faydalarını ən yüksək həddə çıxarmaq üçün yarış təşkilatçıları ilə daha səmərəli işlərin qurulması haqda “F-1”-in yeni rəhbərliyinin gördüyü işlərlə bağlı ətraflı məlumat verib.
BŞH-nin direktoru Arif Rəhimov isə bunları deyib: “Çeys Kerini Bakıda qarşılamaq və onun “Formula-1”in gələcəyinə dair etdiyi coşğulu çıxışı dinləmək bizim üçün böyük şərəfdi. Bu, “Formula-1”in yeni rəhbərliyinin çempionatın hamı üçün daha da yaxşılaşdırılması və həmçinin növbəti illərdə evsahibi ölkələrdə bu avtoidmanın daha geniş şəkildə yayılması istiqamətində yarışın təşkilatçıları ilə birgə işləməyə böyük səy göstərməsinin açıq nümunəsidi. Bu gün bütün iştirakçıların göstərdiyi maraq bu yeni tədbiri daha yüksək səviyyəyə qaldırdı. Bütün həmkarlarımızdan bir araya gələrək birgə uğurlara nail ola biləcəyimizi eşitmək bizi bir daha həm ruhlandırdı, həm də inamımızı artırdı. Keçirdiyimiz konfrans düzgün istiqamətdə atdığımız daha bir addım oldu və BŞH kollektivinin ölkəmizdə keçiriləcək növbəti yarışların uzunmüddətli iqtisadi, sosial və mədəni faydalarının daha da artırılması istiqamətində göstərdiyi böyük səylərə əyani sübut oldu. Biz gələn il üçüncü dəfə konfrans keçirməyi indidən səbrsizliklə gözləyirik”.
Çeys Keri konfransla bağlı belə danışıb: “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları mövzusunda ikinci dəfə yüksək səviyyədə keçirilən konfransda çıxış etmək üçün Bakıya dəvət edilməyim mənim üçün böyük şərəfdi. “Formula-1”in gələcəyinə dair yeni baxışlarımızın mərkəzində duran əsas məsələlərdən biri “Qran-pri” təşkilatçıları ilə daha sıx işləmək və qarşılıqlı əməkdaşlıq imkanlarını daha da genişləndirməkdi. Bu gün bir daha aydın oldu ki, “Formula-1” yarışı ona evsahibliyi edən şəhərə iqtisadi, sosial və mədəni baxımdan çox müsbət təsirlər göstərməkdədi. Biz bu möhtəşəm idmanın gücündən istifadə etməklə son iki il ərzində Bakının timsalında qazanılmış uğuru və inkişafı yarışın keçirildiyi hər yerdə təmin etmək üçün tərəfdaşlarımıza dəstək olmağa davam edəcəyik”.