
Həsən Novruzovu Avropa çempionluğundan 30 saniyə ayırıb
“Bu idman növü narkotik kimi bir şeydi”
Ölkəmizdə olimpiya idman növləri daha çox diqqət mərkəzində olur. Bu üzdən bir çox qeyri-olimpiya növlərinə o qədər də diqqət göstərilmir. Maraqlıdı ki, əksər uğurlarımız da bu növlərdə qeydə alınır. Redaksiyamızla əlaqə saxlayan Həsən Novruzov bu yaxınlarda Moskvada təşkil olunan ciu-citsu üzrə açıq Avropa çempionatında yığmamızın qazandığı uğurdan danışdı: “Avropa çempionatında gümüş medal qazandım. Finalda yerli idmançı ilə qarşılaşdım. Əslində çempion ola bilərdim. Çünki hesabda 7:0 öndə idim. Ancaq bir səhvim həlledici oldu. Sona 30 saniyə qalmış rəqib ağrıdıcı fəndlə qələbə qazandı. Ayaz Süleymanov (94 kq) da “gümüş” qazandı. Mehman Fətəliyev (85 kq) və Vüqar Tağıyev (100 kq) isə üçüncü yeri tutdu. Komanda hesabında 3-cü olduq. Buna qədər bir çox beynəlxalq turnirlərdə fərqlənmişdim. Amma Moskvadakı nəticəm ən böyük uğurumdu”.
Novruzov bu idman növünə marağın böyük olduğunu da dedi: “Bu idman növü cüdo və samboya bənzəyir. Ancaq burda əsas mübarizə parterdə gedir. Ağrıdıcı və boğucu fəndlərdən daha çox istifadə olunur. Ciu-citsuda dünya üzrə böyük kütləvilik var. Təsəvvür edin, ötən il dünya çempionatında 7200 idmançı iştirak etdi. Bizdə 62 yaşlı idmançı var. Bu yaxınlarda Bakı çempionatının qalibi olub. Bu idman növü narkotik kimi bir şeydi. Onu atmaq çox çətindi. 33 yaşım var. Hələ çox güləşməyi fikirləşirəm. Bu idman növündə də çoxlu klublar var. Mən “Qarabağ”ın idmançısıyam və 85 kq-da çıxış edirəm”.
Millimiz üçün növbəti ciddi sınaq apreldə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək dünya çempionatı olacaq. Mayda isə ölkə çempionatının keçirilməsi planlaşdırılır.
SƏRXAN