Şağan Olimpiya İdman Kompleksində Sambo Federasiyasının (ASF) 6-cı Hesabat-Seçki Qurultayı keçirilib. Qurultay iştirakçıları tərəfindən yekdilliklə 7qat dünya, 6 qat Avropa çempionu Ceyhun Məmmədov yeni müddətə ASF-nin prezidenti vəzifəsinə seçilib. Başqa sözlə, veteran samboçu postunu qoruyub.
Yeri gəlmişkən, həmin kompleksdə sambo üzrə müxtəlif yaş qrupları üzrə ölkə çempionatı da keçirilib. 500-ə yaxın idmançının mübarizə apardığı yarışda “Neftçi”nin üzvləri 36 medala (12 qızıl, 9 gümüş, 15 bürünc) sahib olub. Yeniyetmələr arasında Nurlan İsmayılov (48 kq), Mehman Mehdizadə (52 kq), Kamran Qasımov (65 kq) və Ramil Abbasov (81 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gənclərin yarışında Nurlan İsmayılov (48 kq), Eyvaz Baxşıyev (57 kq), Bahadur Əsgərov (68 kq), Əli Nəzərli (82 kq) və Sənan Hüseynov (90 kq) rəqib tanımayaraq ölkə çempionu olub. Kişilər arasında təşkil olunan yarışda isə Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq) və Ceyhun Hüseynov (82 kq) eyni uğura imza atıb.