
Məhəmməd Mirzəbəyov bir ay oynamayacaq
Anar Şabanoğlu: “Kampazın sənədləri qaydasında deyildi”
“Neftçi” – “Kəpəz” görüşündə gəncəlilərin komandanın köhnə-yeni futbolçusu Dario Federikonu meydanda görmək arzusu baş tutmadı. Halbuki istedadlı yarımmüdafiəçidən gözləntilər böyükdu və bu qarşılaşmada fəallığıyla komandasına fayda verəcəyinə ümid edirdilər. Məlum oldu ki, Darionun adını PFL-ə göndərilən iştirak ərizəsinə daxil etmək mümkün olmayıb. Lap dəqiqi, Federikonun dekabra qədər məxsus olduğu Cənubi Koreya klubu lazım olan sənədi vaxtında göndərməyib.
Eyni vəziyyət “Neftçi”nin də başına gəlib. “Transfer pəncərəsi”nin bağlanmasına sayılı günlər qalmış heyətə cəlb olunan iki futbolçu – Lukas Qomeslə Mayk Kampazdan birinci “Kəpəz”ə qarşı start heyətində meydana çıxsa da, ikincinin adına nə “11-lik”də, nə də ehtiyat oyunçular arasında rast gəldik. Zədəli olması inandırıcı deyildi. Çünki bir neçə gün əvvəl birinci divizion təmsilçisi “Sabah”la keçirilən matçın ikinci hissəsində forma geymişdi. Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Anar Şabanoğlu ilə söhbətdə məsələyə aydınlıq gətirdik: “Kampazın sənədləri qaydasında deyildi, ona görə də oyunda iştirak edə bilmədi. Növbəti qarşılaşmaya qədər sənədləri qaydaya salınmalıdı. Hər halda, mənə verilən məlumat belədi”.
Həmin qarşılaşmada daha bir diqqəti çəkən məqam Məhəmməd Mirzəbəyovun zədələnməsi oldu. 75-ci dəqiqədə rəqib futbolçu Dieqo Qusmaonun kobudluğuna məruz qalan milli üzvünü meydana qaytarmaq üçün həkimlər xeyli əziyyət çəksələr də, bu mümkün olmadı. Nəticədə 79-cu dəqiqədə onu İlkin Qırtımov əvəzlədi. Anar bəylə söhbətdə Məhəmmədin zədəsinin nə dərəcədə ciddi olub-olmadığını da soruşduq: “Məhəmmədin burnu sınıb. Dünən (srağagün) əməliyyat olundu. Yəqin ki, bir ay yaşıl meydanlardan kənarda qalacaq”.
HƏBİB