Turun...
...yerdəyişməsi...
Oyunsonrası mətbuat konfranslarında jurnalistlər önünə əvvəlcə qonaq komandanın baş məşqçisi çıxır. Artıq xeyli vaxtdı bu mənzərəni görməyə alışmışıq. Düzdü, yerdəyişmə olacağı halda, Əsasnamənin hansısa qaydası pozulmur. Çünki bununla bağlı rəsmi sənəddə hansısa tələb yoxdu. Yalnız tövsiyə xarakteri daşıyır. Belə deyək, konfransda meydan sahiblərinin çalışdırıcısı birinci danışsa, hansısa cəza və ya cəriməyə məruz qalmayacaq.
Məqama toxunmağımızın səbəbi var. Belə ki, “Keşlə” – “Səbail” görüşündən əvvəl kameralar önündə ilk əyləşməli şəxs Samir Əliyev olsa da, Yuri Maksimov göründü. Halbuki zala “Səbail”in baş məşqçisi daxil olmalıydı. Olmaya Samir Əliyevin bundan xəbəri yoxdu? Yoxsa rəqib həmkarı daha cəld tərpənib? Yoxsa hansısa üzrlü səbəb olub? Əliyevin dilindən eşidək: “Əlbəttə, qaydayla tanışam. İlk dəfə deyil ki. Sadəcə, rəhbərlik paltardəyişmə otağına gəlmişdi deyə çıxa bilmirdim. Başa düşdüm ki, gecikmə olacaq. Jurnalistlərin çox gözləməməsi, mətbuat konfransının yubanmaması üçün Yuri Maksimovun danışmasını məqsədəuyğun saydıq. Qısa desəm, üzürlü səbəbə görə belə alındı”.
...üzrxahlığı...
Turun mərkəzi qarşılaşmasında qapılara qol vurulmasa da, “Qarabağ” qələbəyə daha yaxın idi. Oyunun gərginliyini görmək üçün rəqib futbolçuların bir neçə epizodda baş-başa gəlməsinə nəzər salmaq kifayət idi. Filip Ozobiçlə Riçard Almeydanın sözü bir neçə dəfə çəp gəldi. Elə Pedro Enrikeylə Voislav Stankoviçin itələşməsini də xatırlatmaq yerinə düşər. Ən təəccüblüsü oyunun sonlarında Asif Məmmədovla Mahir Mədətovun qarşıdurmasıydı. Əslində ciddi heç nə baş vermədi. Burda söhbət iki futbolçunun yaş fərqindən gedir. Asif Məmmədovun 32 yaşı varsa, Mahir böyük futbolda ilk addımlarını atır, cəmi 21 yaşı var. Buna baxmayaraq, özündən 11 yaş böyük “Qəbələ”li ilə elə davranırdı ki, sanki Asif ondan balacadı.
Ümumiyyətlə, indiki dövrdə gənc futbolçuların yerini bilməməsindən çoxları gileylənir. İnternet dövrüdü, həyata baxışları dəyişib, ya nədisə, yaşca balacaların söz götürməklə, böyüklərin buyruğunu yerinə yetirməklə arası yoxdu. Elə Asiflə əlaqə saxlamaqda məqsədimiz də həm yaşanan olay, həm də məlum mövzuyla bağlı fikirlərini öyrənmək idi: “Düzünü demək lazımdı, həmin epizodda birinci mən Mahirə etiraz etdim. Bir neçə dəqiqə əvvəl “Qarabağ”ın futbolçusu yerdə qalanda əks-hücum təşkil etmək imkanımız var idi. Lakin mən topu meydandan çıxardım. “Feyr-pley”di, hamı buna əməl edir. Lakin son saniyələrdə bizim oyunçumuz yerdə qalanda Mahir topu çıxartmadı. Mən də buna hirslənib, əsəbi şəkildə etirazımı bildirdim. O da emosional formada görmədiyini dedi. Elə həmin gün axşam zəng vurub, üzr istədi. O ki qaldı gənc futbolçuların böyük-kiçik yeri bilməməsinə, bu təkcə futbolda deyil, cəmiyyətin problemidi. Bizim vaxtımızla indiki arasında hədsiz fərq var. Biz uşaq olanda kimsə dükana getməyi, yaxud 5-ci mərtəbədəki evindən nəsə gətirməyi buyuranda, qaça-qaça gedirdik. Bunu özümüzə fəxr bilirdik. İndikilərə adam söz deməyə qorxur. Düzdü, edirlər, amma candərdi, məcburiyyətdən. Avtobus dayanan kimi baqaja tərəf gedib yükləri daşımaq üçün inzibatçılara kömək edirdik. Oyundan sonra gözləyirdik ki, yaşca böyüklər girib çimsin, sonra biz girək. Mən “İnter”də futbola yeni-yeni başlayanda Mahmud Qurbanov oynayırdı. Allaha and olsun, həvəslə gözləyirdim ki, mənə nəsə buyursun. Çay gətirim, formasını yerinə qoyum, ya başqa nəsə. Sevinirdim, bunu özümə fəxr bilirdim. İndi baxıram ki, o dövrdən əsər-əlamət yoxdu”.
...debütü...
“Zirə” – “Sumqayıt” qarşılaşmasını həmkarımız Elmar Abdullazadə çətin unutsun. Buna qədər jurnalistika sahəsində fəaliyyət göstərən Abdullazadə artıq klub rəsmisidi. “Zirə”nin mətbuat katibi postuna təyinatı ötən ilin son ayında reallaşsa da, əməli fəaliyyətə yanvarda başladı. Komandayla Antalya toplanışında iştirak etdi, 15-ci turda isə mətbuat katibi funksiyasını yerinə yetirdi. İş olan yerdə nöqsanlar qaçılmazdı. Heç şübhəsiz, Elmarın da gözdən qaçırdığı məqamlar, diqqətindən yayınan nələrsə olub. Diqqəti çəkən nöqsan qarşılaşmanın fasiləsində jurnalistlər üçün nəzərdə tutulan konfrans otağında polis və yanğınsöndürənlərin çoxluq təşkil etməsiydi. Anlaşılandı, soyuq havada bizim kimi, onlar da canını çayla isitmək istəyir. Amma klub rəhbərliyi onlar üçün başqa otaq ayıra bilər. Abdullazadəylə debütü ilə bağlı danışanda, həmin mövzuya da toxunduq: “Özüm də orda olduğumdan, yaranmış mənzərəni gördüm. O otaq jurnalistlər üçün nəzərdə tutulub, çay süfrəsi də onlar üçündü. Ona görə də haqlı iradınızı başa düşürəm. Yeni işimdə debüt idi deyə, vaxtında tənzimləyə bilmədim. Artıq rəhbərliklə söhbətimiz olub. Növbəti ev oyunundan etibarən polis, təcili yardım işçiləri və yanğınsöndürənlər üçün başqa otaq ayrılacaq.
O ki qaldı debütümə, açığı, ciddi bir şey baş vermədi. Üzərimə düşən işin öhdəsindən gəlməyə çalışdım. Dediyiniz nöqsandan başqa, bir də konfrans zalının qapısını gec açmağım xoşuma gəlmədi. Özüm içəri qapıdan keçdiyimdən, elə bildim hamı ordan gələcək. Eybi yox, gələcəkdə təkrarlanmaz (gülür). Oyuna jurnalist kimi baxmaq rahatdı, yoxsa mətbuat katibi kimi? Əlbəttə, ikinci variantı deyərdim. Jurnalistsənsə, xəbər axtarmalısan, müsahibə götürməlisən, redaksiyaya məlumatlar ötürməlisən. Mətbuat katibi isə jurnalistlərin yanında dayanıb, onların hansısa çətinlik yaşamamasına nəzarət edir”.
...polisi
Azarkeşlərin polislərlə yaşadığı problemlərə illərlə şahidlik etməkdəyik. İllərdi davam edən bu bəlaya hələ də çarə tapılmayıb. Azarkeşin işi tribunada qışqırmaq, yeri gələndə, petard yandırmaqdı. Bütün dünyada belədi. Təbii ki, yalnız tribunada, kənarda yox. Lakin Azərbaycan polisi buna imkan vermir. Qanunvericilikdə bununla bağlı xüsusi maddə olduğundan, poqonlular işini görməyə çalışır. Azarkeşlər isə əsl fanat olduğunu sübut etmək istəyir. Necə ki, “Neftçi” – “Kəpəz” görüşündə hər iki komandanın tərəfdarları stadionda mükəmməl ab-hava yarada bilmişdilər. Lakin qarşılaşmadan sonra bu dəfə də xoşagəlməz haldan qaçmaq mümkün olmadı.
“Kəpəz”in azyaşlı azarkeşi polislərin əlinə düşüncə, dərhal 24-cü bölməyə aparıldı. Hadisə yerində olduğumdan, “Xəmsə”nin rəhbəri Adil Məmmədovun fanatı sərbəst buraxdırmaq üçün hansı əziyyətə qatıldığının canlı şahidiydim. Di gəl ki, polislər azarkeşi bölməyə aparmaq niyyətindən dönmədi. Bəs o uşağın aqibəti necə oldu? Sərbəst buraxıldı, cərimələndi, yoxsa... Adil Məmmədovla danışdıq: “Nə qədər çalışsaq da, azarkeşin bölməyə aparılmamasına nail ola bilmədik. Odu ki, dərhal uşağın dalınca bölməyə yollandım. Bir saatdan artıq bölmədə qalıb, Hənnanın buraxılmasına nail oldum. Başa saldım ki, uşağın 16 yaşı var, hansısa maddəylə təqsirləndirilirsə, valideyni burda olmalıdı. Valideyni orda olmadığından, valideyn əvəzi özümü təqdim etdim. Uşağı bölməyə gətirmələrinin səbəbini soruşdum, dedilər ki, pirotexniki vasitədən istifadə edib. Mən də sübut üçün uşağın əllərini göstərdim. Alışdırıcı maddədən istifadə edən adamın əllərində iz olmalıdı. Baxdılar ki, əlləri tər-təmizdi. Sübut olmayan yerdə isə polisin kimisə saxlamaq ixtiyarı yoxdu. Bir sözlə, qanun çərçivəsində danışıb Hənnanı bölmədən çıxara bildim. Azarkeşdi, yanımızda olur. Onun hər hərəkətinə məsuliyyəti mən daşıyıram. Ona görə də hər cür əziyyətə qatlaşmalıydım. Sonda hər ikimizin sənədlərini yoxlayıb buraxdılar”.
HƏBİB