Sizin reklam burada

Dünya Kuboku Bakıya gətirildi

Müəllif: football Tarix: 11-02-2018, 13:36 779 Baxış
Dünya Kuboku Bakıya gətirildi
Karambö: “Ümid edirəm ki, yığmanızı növbəti dünya çempionatında görə biləcəyik”
Dünən “Hilton” otelində futbol üzrə Dünya Kubokunun ölkəmizə gətirilməsi ilə bağlı mətbuat konfransı keçirildi. Tədbir səhər saat 11.00-da başlamalıydı. Ancaq həmin vaxt heç kuboku gətirən təyyarə Bakıya çatmamışdı. Təsadüfi deyil ki, 1998-ci il mundialında Fransa yığmasının heyətində qızıl medal qazanan Kristian Karambö və AFFA-nın baş katibi Elxan Məmmədov və “Azərbaycan Coca Cola Bottlers” şirkətinin baş direktoru Ərdinç Gözəl xüsusi hazırlanmış səhnəyə çıxanda saatın əqrəbləri 12.50-ni göstərirdi. Üstəlik, bu qədər gözləyən jurnalistlərə cəmi iki sual ünvanlamaq imkanı yaradıldı. Tədbirdə səslənən fikirləri diqqətinizə çatdırırıq.
Ərdinç Gözəl: “Coca Cola” olaraq Dünya Kubokunu Azərbaycana gətirdiyimizə görə qürur duyuruq. Axşam 8-də bu oteldə daha bir tədbirimiz olacaq. Orda da çıxış edəcəm. “Coca Cola” yalnız kuboku gətirməklə kifayətlənmir. Son 7 ildə Azərbaycan idmanına dəstək veririk. “Məktəbli Kuboku” adı altında yarış təşkil edirik. İndiyədək 100 mindən artıq məktəbli bu layihənin iştirakçısıdı. Bütün xərclər də şirkətimiz tərəfindən qarşılanıb. “Məktəbli Kuboku”nun qalibi olan şagirdlərimiz də burdadı. Bu dəstəyimiz davam edəcək”.
Kristian Karambö: “Bir daha ölkənizə gəldiyim üçün məmnunam. Bakı idman şəhəri kimi tanınır. Burda çoxlu idman tədbirləri keçirilib. Paytaxtınız çox müasir şəhərdi. Futboldan söz düşmüşkən, Azərbaycan millisi Robert Prosineçinin rəhbərliyi altında seçmə mərhələdə uğurlu çıxış etdi. Ümid edirəm ki, yığmanızı növbəti dünya çempionatında görə biləcəyik. Çünki növbəti mundialda (əslində DÇ-2026-da) 48 ölkə iştirak edəcək. Dünya Kuboku bir çox ölkələri qət edib. Azərbaycan sayca 16-cı ölkədi. Ancaq biz səfərdən yorulmamışıq. Futbol tarixinin bir parçası olan kuboku bura gətirdiyimiz üçün çox məmnunuq... 20 il əvvəl Fransa dünya çempionu olmuşdu. Bəlkə bu il də eyni uğuru təkrarladıq. Ancaq favoritlər çoxdu. Braziliya, İspaniya, Argentina, Fransa, İngiltərə və hətta təşkilatçı ölkə Rusiya da bu kuboku qazana bilər”.
Elxan Məmmədov: “Kubokun ölkəyə gəlməsinə üç səbəb ola bilər. Ölkənin yığması kuboku qazanır, yarışa evsahibliyi edir və indiki kimi – FİFA və “Coca Cola”nın sponsorluğu ilə gətirilir. Ümid edirəm ki, gələcəkdə ilk iki səbəblərdən bu kubok ölkəmizə gələcək”.
Tədbir başa çatdıqdan sonra adıçəkilənlər Dünya Kubokunu prezident İlham Əliyevə təqdim ediblər. Bu görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və qurumun vitse-prezidenti Elşad Nəsirov da iştirak edib.
Saat 16.00-dan etibarən isə kubok “Gənclik Mall” Ticarət və Əyləncə Mərkəzində sıravi insanların ixtiyarında olub. Axşam saat 7-yə kimi futbolsevərlər 6 kq-lıq, qızıldan hazırlanmış kuboku yaxından görmək və onunla şəkil çəkdirmək imkanı qazabıblar.
SƏRXAN
SON XƏBƏRLƏR