“Qolf Federasiyası (AQF) fəaliyyətini dayandırıb. Çoxdan federasiyanın qapıları bağlıdı” - bu haqda modern.az saytına federasiyanın keçmiş işçiləri məlumat verib. Onlar bildirib ki, federasiya heç beynəlxalq yarışlara da qatıla bilmir.
“Federasiya fəaliyyətini qurumun rəhbəri Anar Məmmədovun (sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu) işinin başında olmamasından sonra dayandırıb. Çünki AQF dövlət büdcəsindən maliyyələşməyib. İşçilər də bir neçə ay əməkhaqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər. Məsələ ondadı ki, Anar Məmmədovun federasiyadan uzaqlaşdırılması üçün xüsusi iclas da keçirilməyib. Hətta bizdə olan məlumata görə, federasiyanın çoxlu borcu var. Yaxın vaxtlarda yeni rəhbərliyin federasiyaya gətirilməsi ilə qurum işini bərpa edə bilər. Biz də yeni rəhbərlik seçiləcəyi haqda eşitmişik. Sadəcə, kimliyindən xəbərsizik”.
Xatırladaq ki, AQF 2011-ci ildə Anar Məmmədov tərəfindən yaradılıb. Hazırda Böyük Britaniyanın paytaxtı Londonda yaşadığı deyilən sabiq nazirin oğlu qolfu başsız qoyub. Bu idman növünün Rio-2016-dan Olimpiadanın proqramında yer aldığını da nəzərinizə çatdıraq.