“Kəpəz”də Fərid Məmmədov ad-soyadlı futbolçu yerli azarkeşlərə yaxşı tanış idi. Xəbəri keçmiş zamanda təqdim etməyimiz əbəs deyil. Əslən gəncəli olan futbolçu həm də yaxın keçmişə qədər əvəzedicilərin baş məşqçisi kimi çalışmış Azər Məmmədovun qardaşının oğlu olduğundan daha çox tanınırdı. Şahin Diniyevin dönəmində əsas komandaya cəlb olunar, hətta premyer-liqa həyəcanını yaşayardı. Lakin Yunis Hüseynovun gəlişindən sonra Fərid öncə arxa plana keçdi, daha sonra yenidən əvəzedici heyətə göndərildi.
Yaranmış vəziyyət Azər Məmmədovu narahat etdiyindən, futbolçunun əmisi onu “Kəpəz”dən alaraq “Qarabağ”a keçməsinə şərait yaradıb. Odu ki, 21 yaşlı futbolçu bundan sonra ağdamlıların əvəzedicilərdən ibarət komandasında top qovacaq.
HƏBİB