“Zaur müəllim dedi, çempionata hazırlaşın, bu haqda sonra danışacağıq”
Futzal yığmamızın üzvləri artıq Bakıdadı. Komanda fevralın 7-dən 8-nə keçən gecə dönüb. Vassura elə dünən burdan Birləşmiş Ərəb Əmirliklərinə uçub. Fineo isə ötən gecə vətəninə yola düşməliydi. Vitali Borisova gəlincə, Serbiyada legioner həyatı yaşayan futzalçı bu gün klubunun düşərgəsinə yollanacaq. “Araz”dakı legionerlər, eləcə də baş məşqçi Joze Alesio da Silva isə üçgünlük istirahətdən sonra çempionata hazırlaşacaq. Bu arada Alesio Avropa çempionatının yekunları ilə bağlı Futzal Federasiyasınin mətbuat xidmətinə müsahibə verib.
- Avropa çempionatından hansı təəssüratlarla ayrıldız?
- Üç oyun keçirdik. Əslində yaxşı başladıq, ispanlarla oyunda sensasiya edən Fransanı məğlub etməklə onların bunu davam etdirməsinə imkan vermədik. İspaniya ilə qarşılaşmada isə bizi qane edəcək nəticə qazanmaq istəyirdik ki, 1/4 finala birinci pillənin sahibi kimi yollanaq. Ancaq nə ikinci, nə də üçüncü görüşdə istədiklərimizi realizə edə bilmədik. Elə problemlər də bundan başladı.
- Niyə? Problem nədən qaynaqlanırdı?
- Bilirəm, indi əksəriyyəti Portuqaliya ilə oyundakı nəticə üzür. İlk qolu biz vurduq, təəssüf ki, rəqibin dərhal fərqlənməsinə mane ola bilmədik. Çox sadə səhvlər etdik. Hesab arasındakı fərq artdıqdan sonra isə konsentrasiyanı itirdik, dağılma oldu. Oyun intizamı pozulduqdan sonra səhvlər də çoxaldı. Sakitləşib toparlana bilmədik. Əsəblər coşdu, hücumlar qurmaq üçün tələsirdik. Bu məqamlar da yekunda Portuqaliyanın xeyrinə işlədi. Biz qol vurmaq üçün tələsdik, nəticədə səhvlər etdik, topu itirdik, onlar da bunu öz lehinə çevirdilər.
- Ümumi nəticə sizi qane etdimi? Belə deyək, 1/4 finala yüksəlmək sizin üçün uğur sayılır, yoxsa tapşırıq fərqli idi?
- İlk tapşırıq qrup mərhələsindən 1/4 finala yüksəlmək idi. Bunun öhdəsindən gəldik. Ancaq təqvim elə qurulmuşdu ki, biz yarımfinala da yüksələ bilərdik. Bunu çox istəyirdik. Bizim üçün ən azı yarımfinalda iştirak etmək uğur sayılacaqdı. Təəssüf ki, istəyimizi reallaşdıra bilmədik. Məsələyə digər tərəfdən yanaşsaq, sona qalan dörd komandanın hamısı böyük infrastruktura malikdi. Əvəzində favoritlərdən hesab edilən İtaliya kimi komanda qrup mərhələsini adlaya bilmədi. Yəni futboldu, əvvəlcədən oyunun necə qurtaracağını, hansı sürprizlərlə qarşılaşacağını bilmirsən.
- Fransa ilə qarşılaşmadan sonra aparıcı oyunçular bunun davamını gətirə bilmədilər. Səbəbini nə ilə izah edə bilərsiz?
- Deməzdim zəif oynadılar. Hər qarşılaşmanın öz xarakteristikası, gedişatı olur. Turnirdən əvvəl demişdim ki, 4 oyunçumuzun fiziki hazırlıqla bağlı problemi var. Vassura Dubay çempionatında çıxış edir, həftədə cəmi iki dəfə məşq edir. Vitalinin iştirak etdiyi Serbiya çempionatı dekabrdan dayanıb. Düzdü, o bizə yanvarın 15-də qoşulmuşdu, amma problemlər qalmaqda idi. İstədiyim Fineonu görə bilmədim. Onda da analoji problem yaşanmaqda idi. Tyaqo isə zədə üzündən Bakıdakı məşqləri və yoldaşlıq oyunlarını buraxmışdı. Lyublyanadakı hazırlıqda iştirak etsə də, fiziki planda axsayırdı. Üstəlik, oyunlar zamanı da zədələnən futzalçılarımız oldu. Qallo birinci oyundan sonra ayağında ağrılar hiss edirdi. Onu qorumaq üçün İspaniya ilə matça buraxmadıq. İsa Atayev isə İspaniya ilə qarşılaşmada zədələndi. Portuqaliya ilə görüşdə iştirak etməməsinin səbəbi budu.
- Yeri gəlmişkən, sizi yerli futzalçılara az şans verməkdə qınayırlar...
- Demək olar, bütün oyunçulara şans verdim. Xətai digərlərindən az oynadı. Ramiz Çovdarov, İsa Atayev meydanda daha çox qaldı. Yenə deyirəm, hər oyuna yanaşma və taktiki hazırlıq var. Baş məşqçi kimi sərəncamımda olan futzalçılardan düzgün və maksimum istifadə etməyə çalışdım.
- Portuqaliya ilə oyundan sonra federasiya prezidenti Zaur Axundov sizə və komandaya nə dedi?
- Hələ necə olacağı bilinmir. Dedi, çempionata hazırlaşın. Bu haqda sonra danışacağıq.
- Çempionatda fasilə gələn həftə başa çatacaq. “Araz” əsas rəqiblərindən “Ekol”la qarşılaşacaq. Yorğunluq və psixoloji gərginlik oyuna hazırlaşmağınıza mane olmayacaq?
- Artıq diqqətimizi bu oyuna yönəltməliyik. Bir neçə gün istirahət edəcəyik. Həftənin birinci günündən məşqlərimizi bərpa edib, oyunun hazırlığına başlayacağıq. Əlbəttə, çətin oyun olacaq. “Ekol” qış fasiləsində yaxşı hazırlıq keçib. Sadaladığınız məqamların problem yaradacağı gözləniləndi. Elə etməliyik ki, büdrəməyək.