İki gün öncə Ruhulla Axundov adına mədəniyyət sarayında Rahib Abdullayevin 85 illik yubiley mərasimi keçirilib. Bu ad-soyadı gənc nəsil bəlkə də xatırlamır, ancaq buzovnalı futbolsevərlər onu hörmətlə yad edir. O, 1960-70-ci illərdə qəsəbə təmsilçisinin heyətində Azərbaycan birinciliyində iştirak edib. Mərhum Buzovna komandasının məşqçisi, daha sonra təşkilatçısı, sponsoru olub. Hansı ki “Neftçi”nin məşhur futbolçularından olan Yuri Stekolnikov məhz bu komandada yetişib.
Yubiley mərasimində Buzovna futbolunun veteranları, bu qəsəbə ilə bağlılığı olan elm, incəsənət adamları və bir çox sahələrin nümayəndələri iştirak edib. 1994-cü ildə “Xəzri” futbol klubunun prezidenti olmuş Malik Atakişiyev də bu tədbirdə yada salınıb. Sonda Milli Məclisin deputatı Ziyad Səmədzadə tərəfindən veteran futbolçulara, qəsəbə yarış iştirakçılarına mükafatlar təqdim olunub. AFFA-nı isə Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov təmsil edib. O da çıxış edərək həm AFFA, həm də öz adından Rahib Abdullayevə rəhmət diləyib, onunla bağlı xatirələrini bölüşüb, həmçinin yubiley iştırakçılarını təbrik edib və Buzovna futbolunun inkişaf etdirilməsi yolunda tövsiyələrini çatdırıb.