Komanda divizion təcrübəsi olan futbolçularla güclənib
Təxminən iki aydan çox çəkən fasilədən sonra azarkeşlər yenidən stadionlara yollanıb, çempionat oyunlarına tamaşa edəcəklər. Həftəsonu premyer-liqaya start veriləcəksə, növbəti həftə artıq birinci divizion və Region Liqasında mübarizə aparan komandalar yola davam edəcəklər. Demək olar ki, hər sayımızda elita və aşağı dəstə təmsilçilərinin qış hazırlığını işıqlandırıb, yoldaşlıq görüşləri barədə sizə ətraflı məlumat çatdırmışıq. Bu dəfə AFFA-nın təşəbbüsüylə yaradılan və ilk dəfə təşkil olunan yeni liqada çıxış edən komandaların durumu ilə maraqlanıb, çempionatın qalan bölümünə necə hazırlaşdıqlardan xəbərdar olmaq istədik.
Öncə cənub bölgəsində çıxış edən Yardımlı “Dinamo”sunun baş məşqçisi Fəryaz İbayevlə əlaqə saxladıq: “Havaların soyuq və qarlı keçməsi səbəbindən təlim-məşq toplanışını Yardımlıda yox, Bakıda keçirdik. İki həftə “Vətən” Futbol Məktəbinin bazasında məskunlaşıb normal hazırlıq keçdik. Toplanış dönəmində yalnız bir yoldaşlıq görüşündə gücümüzü sınadıq. Rəqib “Xəzər Lənkəran”ın və “Viləş”in sabiq futbolçularından formalaşdırılan və bizimlə eyni liqada çıxış edən Cənub RFF idi. Bildiyiniz kimi, ilk turlarda rəhbərlik etdiyim komandanın nəticələri o qədər də ürəkaçan olmadı. Hər iki görüşdə böyük hesabla uduzmuşduq. Bunun da səbəbi düşərgədə ancaq yerli futbolçuların olması idi. Ancaq fasilədən sonra daha iddialı komanda ilə azarkeşlərin qarşısına çıxacağıq. Belə ki, qış fasiləsində birinci divizionda çıxış etmiş 10 futbolçu ilə güclənmişik. Ümid edirəm ki, onların təcrübəsi bizə fayda verəcək. Maliyyə məsələsinə gəlincə, bu yöndə çətinliyimiz yoxdu. Region Liqası çərçivəsində vəsaitimiz var. Komandaya mən və İcra Hakimiyyəti himayədarlıq edir. Qarşımıza məqsəd qoymuşuq ki, qrupdan çıxaq. İndidən iddialı açıqlama vermək istəmirəm. Ancaq komandanın potensialı buna imkan verir. Onu da qeyd edim ki, növbəti mövsümdən AFFA da bizə yardım edəcək. Assosiasiyadan bildiriblər ki, avqustda “Dinamo” forma və inventarla təmin olunacaq”.
Şimal zonasının iddialılarından olan “Şahdağ” isə fasilədə yetərincə yoldaşlıq matçı keçirib. Bu haqda bilgini Qusar təmsilçinin baş məşqçisi Kamran Əlibabayevdən aldıq: “Komanda yanvarın 15-dən bir araya gəlib. Hazırlığın birinci mərhələsində həftədə 3 dəfə məşq edirdiksə, sonradan məşqlərin sayını artırdıq. Fevralın 1-dən isə Qusar Olimpiya Kompleksində məskunlaşıb, bir həftə davamlı olaraq gündə iki dəfə məşq etdik. Heyətə yeni futbolçu cəlb etməsək də, aşağı yaş qruplarımızdan 3 oyunçunu əsas komandanın hazırlığına cəlb etrmişik. Fasilə dönəmində “Qaradağ Lökbatan”, “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandası ilə yoxlama oyunları keçirmişik. Fasilədən sonra ilk oyunda əsas rəqibimiz olan “Üğur”la qarşılaşacağıq. Çalışacağıq “doğma divarlar” arasında qalib gəlib liderliyimizi qoruyaq”.
Uzun fasilədən sonra ölkənin futbol ailəsinə qoşulan “Kümrük”ün (Qax) baş məşqçisi Elbrus Əliyev isə bunları söylədi: “İki həftəyə yaxındı ki, məşqlərə başlamışıq. Hazırlığı Qax Olimpiya Kompleksində keşirik. Komandanın normal məşq etməsi üçün kompleksdə hər cür şərait yaradılıb. Heyətə yeni 4 futbolçu cəlb etmişik. Hamısı yerli gənclərdi. Sadəcə, çempionatın startında ölkədə olmadıqlarından onların xidmətindən yararlana bilmədik. Yaxın günlərdə onların adlarını sifariş ərizəsinə əlavə edəcəyik. Hazırlıq dönəmində yoldaşlıq oyunu keçirə bilmədik. Bu heç də maliyyə problemi ilə bağlı deyil. İcra Hakimiyyəti, rayonun Gənclər və İdman İdarəsi komandaya yetərincə diqqət ayırır. Artıq ikinci dəst formalarımız da hazırdı. Bir qədər topla bağlı çatışmazlıq var idi ki, bu problemi də aradan qaldırdılar. Şükür Allaha, Region Liqasında çıxış edən başqa bölgələrin komandaları ilə müqayisədə bizim bu yöndə çətinliyimiz yoxdu. Əslində “Zaqatala” ilə iki sınaq matçı keçirməyi planlaşdırmışdıq. Ancaq onlar Gürcüstana yollandıqlarından planımız pozuldu. Buna baxmayaraq, fevralın 18-nə kimi komanda tam hazır vəziyyətədə olacaq”.
RƏŞAD