“Onlar bizi yetərincə təhlil etməmişdilər”
Bu il bütün komanda növlərində avrokuboklarda mübarizəni dayandırdıq. Son olaraq həndbolda “Azəryol” sıradan çıxdı. ABU-nun xələfi “Çağırış” kubokunun 1/8 finalında “Kristianstad”a uduzdu. Baxmayaraq ki, hər iki oyun Bakıda keçirildi. Təmsilçimiz doğma meydan amilindən və azarkeş dəstəyindən istifadə edə bilmədi. İsveç klubu iki görüşün cəmində 16 top fərqli üstünlüklə adını 1/4 finala yazdırdı. “Kristianstad”ın baş məşqçisi Ulf Şebfert bu qarşılaşmalardan danışıb: “İlk oyunun əvvəlində rəqib bizə bir qədər çətinlik yaratdı. Yalnız bunun öhdəsindən gəlib, matçı istədiyimiz sonluğa daşıya bildik. Hesabda geri düşməyə öyrəşməmişik. Adətən, oyunu nəzarətdə saxlamağı xoşlayırıq. Lakin nəzərə almalıyıq ki, rəqib komanda da öz çempionatında liderlik edir. Heyətlərində də çox güclü oyunçular var. “Azəryol”un sağ cinahı daha təhlükəli idi ki, bu hər iki matçda bizə problem yaradırdı. Mərhələ adlamağımızın əsas səbəbi Bakı klubunu daha yaxşı öyrənməyimizdi. Düşünürəm ki, onlar bizi yetərincə təhlil etməmişdilər. Qarşılaşmalarda məni sevindirən digər məqam isə bütün yetirmələrimə şans verməyim oldu”.