Oqtay Abdullayev: “Bəlkə də yeganə klub rəhbəriyəm ki, şübhələndiyim futbolçuların adlarını AFFA-ya təqdim etmişəm”
Antalyada jurnalistlərin suallarını cavablayan PFL prezidenti Ramin Musayev bir çox məsələlərə toxunmaqla yanaşı, oyun alğı-satqısında şübhəli bilinən klublara qarşı mübarizənin davam etdiyini, yaxın vaxtlarda daha bir neçə divizion təmsilçisinin çempionatdan xaric olunacağını söyləyib: “Onu da deyim ki, birinci divizionda növbəti çempionat tam fərqli olacaq. Bu mövsüm başa çatmamış, ola bilsin, bir-iki komandanı yola saldıq. Bəzi klubların izinə düşmüşük, rusların sözü olmasın, “vot-votdu”. Elə klublardı, inanmağınız gəlməz. Hansı ki, rəhbərləri danışanda geniş danışırlar”.
Məsələnin ciddiliyini nəzərə alıb, UEFA-nın oyun alğı-satqısı ilə bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılovun fikirlərini öyrəndik. Ancaq Kamran bəy araşdırma getdiyindən ətraflı məlumat verə bilməyəcəyini dedi. Onu da qeyd etdi ki, yalnız araşdırma başa çatandan sonra komandanın və yaxud futbolçuların cəzalanacağı müəyyənləşəcək. Klub rəhbərliyinin də bu işdə əli olduğu üzə çıxsa, komanda çempionatdan xaric olunacaq. Yox, ayrı-ayrı futbolçuların rəhbərliyin xəbəri olmadan belə xoşagəlməz işlər gördüyü bilinsə, ancaq oyuncular cəzalanacaq.
Böyük ehtimalla araşdırmaların nəticəsi mövsümün 2-ci hissəsi başlayana qədər ictimaiyyətə açıqlanacaq. Necə ki ötən mövsüm belə olmuşdu. Xatırlayırsızsa, “Rəvan”la “Şərurspor” da məhz qış fasiləsindən sonra çempionatdan kənarlaşdırılmışdı. Hələ ötən saylarımızın birində, aparılan işlərə baxmayaraq, aşağı dəstədə bəzi klubların yenə də oyun alğı-satqısı ilə məşğul olduğunu, bəzi matçların nəticələrinin əvvəlcədən razılaşdırıldığını yazmışdıq. Adı “qara siyahı”da olanlar arasında “Binə”, “Turan Tovuz”, “MOİK” və “Mil-Muğan”ın olduğunu vurğulayaq. İmişli təmsilçisinin “qələminin qırıldığını” Musayevin açıqlamalarından da hiss etmək çətin deyil. Jurnalistin “Mil-Muğan”a rəhbərlik etdiyinizi deyirdiz. Sanki istədiyinizi ala bilmədiz” sualına PFL prezidenti belə cavab verib: “ İstədiyimi aldım. İstədiyim o idi ki, komandada hər şey qaydasında olsun. Ancaq gördüm ki, sən hansı havanı çalırsan-çal, öz havalarını oynayırlar. Buna görə də geri çəkildim”. Ramin bəyin bu sözlərindən belə qənaətə gəlmək olur ki, “Mil-Muğan”da işlər düz getmir. Rəhbərlik, AFFA-dan mailiyyələşməsinə baxmayaraq, hər şeyi bildiyi kimi edir. İmişli təmsilçisinin çempionat oyunları barədə isə az qala əfsanələr dolaşır. Əldə etdiyimiz məlumata görə, “Mil-Muğan”ın iştirak etdiyi bəzi qarşılaşmalarla bağlı UEFA-dan AFFA-ya siqnallar ötürülüb. Bu üzdən assosiasiyanın “qara siyahı”sına düşən və qovulmağa namizədlər arasında İmişli klubunun da adı var.
MOİK isə mövsümün “sirli qutu”sudu. Çempionat ərəfəsində “hərbçilər”in iddialı olacağı söylənilsə də, real durum tam fərqlidi. Liderdən çox uzaq düşən MOİK-in çempionata qatılmaqda məqsədinin nə olduğu hələ də bilinmir. Klubun düşərgəsində nələr yaşanır, Ramil Əliyev niyə yola salındı və yenidən qaytarıldı, Aqil Məmmədov nəyə görə cəmi 4 tur baş məşqçi oldu? Bütün bu suallar və MOİK-in əksər oyunlarında yaşanan müəmmalı proseslər hələ də izahını gözləyir. “Hərbçilər”in də iştirak etdiyi bəzi qarşılaşmalar nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlar siyahısındadı.
Hələ mövsümün əvvəlində aşağı dəstənin debütantı “Binə” haqda xoşagəlməz fikirlər səslənilirdi. Söylənilənlərə görə, “Binə”ni mailiyyələşdirənlərin əsas məqsədi komandanın oyunlarının nəticələrini əvvəlcədən razılaşdırmaq və buna görə də bukmeker kontorlarından pul qazanmaq olub. Düzdü, sonradan Bakıətrafı qəsəbə təmsilçisinin rəhbərliyi bütün bunları inkar etdi və yayılan söz-söhbəti şayiə adlandırdı. Lakin “Binə”nin adı “qara siyahı”da qalmaqdadı. Böyük ehtimalla qəsəbə təmsilçisinin də əksər oyunları araşdırılıb.
Mövsümün ilk yarısında oyun alğı-satqısında adı ən çox hallanan klublardan biri və bəlkə də birincisi “Turan Tovuz” oldu. Əsgər Abdullayevin rəhbərlik etdiyi komandanın cari mövsümdə MOİK və “Zaqatala” ilə səfər, “Sabah” ilə ev qarşılaşması yuxarı dairələrdə şübhələrə yol açıb. Əldə etdiyimiz məlumata görə, Musayev “elə klublardı ki, inanmağınız gəlməz. Hansı ki, rəhbərləri danışanda geniş danışırlar” deyərkən məhz qərb təmsilçisini nəzərdə tutub. Məsələ ilə bağlı ötən mövsüm aşağı dəstədə çempionluğu bayram edən klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə əlaqə saxladıq. Oqtay bəy rəhbərlik etdiyi kollektivin adının belə xoşagəlməz olaylarda hallanmasını qəbul etmədi: “Müşahidə Şurasının sədri seçildiyim ilk gündən həm məşqçilər korpusu, həm də kollektivlə görüşüb onlara xəbərdarlıq etmişəm. Bildirmişəm ki, hansısa futbolçunun adı alğı-satqıda hallanarsa, heç nəyə baxmadan onu komandadan qovacam. Əslində Ramin müəllim müsahibəsində heç bir klubun adını çəkməyib. Ancaq nədənsə çoxları düşündü ki, çempionatdan xaric ediləcək klublardan biri məhz “Turan Tovuz” olacaq. Nəyə görə belə fikirləşirlər, başa düşmürəm?! Bəlkə də yeganə klub rəhbəriyəm ki, artıq mövsümün əvvəlində məktubla AFFA-ya müraciət edib, şübhələndiyim futbolçuların adlarını təqdim etmişəm. Komanda oyun alğı-satqısında iştirak etsəydi, mən belə addım atardım? Ümid edirəm ki, çox keçməz “Turan Tovuz” barədə yanlış düşünənlər fikirlərindən daşınarlar”.
RƏŞAD