Sizin reklam burada

Arif Əsədov ilk “üçlük”dən dəm vurur

Baxış Sayı:773

Arif Əsədov ilk “üçlük”dən dəm vurur
“İstədiyimiz futbolçuları vaxtında cəlb etsəydik, Antalyaya gedə bilərdik”
Mövsümün əvvəlində səs-küylü görünən, çempionata yaxşı başlayan “Sabah” tədricən eniş dövrü yaşadı. Baş məşqçi bir də gözünü açdı ki, qış fasiləsidi və rəhbərlik etdiyi kollektiv 13 oyuna 15 xal toplamaqla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb. Təbii, yaranmış durum nə baş məşqçini, nə də rəhbərliyi razı salır. Heyətdəki adlara baxanda, “Sabah”ın fevraldan etibarən inamlı çıxış edəcəyinə şübhə qalmır. İlqar Ələkbərov, Qvanzav Maqomedov, Məhəmməd Qurbanov, Əziz Quliyev, Emin Mehdiyev, Elşad Manafov kimi futbolçular komandanı arxasınca daşımalıdı. “Neftçi”yə qarşı görüşdə daha çox müdafiə olunan və kor-təbii hücumlarla qol vurmaq istəyən kollektiv gördük ki, bu da başadüşüləndi. Meydanın bir tərəfində birinci divizionun autsayderi, digər tərəfində avrokuboklara iddialı komanda olanda səviyyə fərqi özünü göstərir. Oyun başa çatandan sonra Arif Əsədovla söhbətdə bəzi suallara aydınlıq gətirdik.
- Ümumi hazırlıq prosesini necə dəyərləndirə bilərsiz?
- Bu bizim üçün üçüncü hazırlıq mərhələsidi. “Neftçi”ylə oynadıq, fevralın 8-də bizi daha bir sınaq matçı gözləyir. “Zaqatala”yla oynayacağıq. Bu görüşdən sonra ayın 15-dəki çempionat qarşılaşmasını gözləyəcəyik.
- Komandanın durumu nə yerdədi?
- Ümumilikdə razı qaldığımı deyə bilərəm. Düzdü, hələ heyəti tam komplektləşdirə bilməmişik. Bu gün bizə Əziz Quliyevlə Məhəmməd Qurbanov qoşuldu. Oyun keyfiyyətinin bir az da yaxşılaşdırılmasına çalışırıq. Qarşıdakı 10 gündə çatışmazlıqları aradan qaldırmalıyıq.
- “Neftçi” qış fasiləsində bütün rəqiblərini sevindirmişdi. Bu gün siz onları sevindirdiz. Rəqib nəyin hesabına qələbə qazandı?
- Mənim üçün nəticədən daha vacib olan futbolçularımı “Neftçi”ylə oyunda iş başında görmək idi. Belədə səhvlər özünü daha qabarıq göstərir. Uduzsaq da, futbolçulardan razı qaldım. Xüsusilə müdafiə xətti ağıllı oyunu ilə seçildi. Bir az hücumda problemimiz var ki, bu da xətlərarası anlaşma keyfiyyətinin aşağı olmasıyla bağlıdı.
- Türkiyədə planlaşdırılan təlim-məşq toplanışının baş tutmamasının səbəbi nə idi? Komandaya təsir edə bilərmi?
- Açığı, Türkiyə toplanışı o qədər də vacib deyildi. Əsas məqsədimiz heyəti gücləndirmək idi. Gizlətmirəm, ilk növbədə bunu düşünürdük. İstədiyimiz futbolçuları vaxtında cəlb etsəydik, yoldaşlıq görüşləri üçün Antalyaya gedə bilərdik. Bu da alınmayınca, xaricə getməyin mənası yox idi. Getmək istəsəydik, rəhbərlik tərəfindən heç bir problem olmayacaqdı.
- Yəni maliyyə sıxıntısından söhbət gedə bilməz?
- Xeyr-xeyr. Dekabrda komandadan 12-13 futbolçu ayrılmışdı. Onların yaratdığı boşluğu doldurmaq üçün zamana ehtiyacımız vardı. Buna görə də gedə bilmədik.
- 10 komanda arasında 9-cu pillədə qərarlaşmısız. Hədəf nədi?
- “Sabah” uzunmüddətli plan əsasında yaradılıb. Bu gün qarşımızda hansısa ciddi hədəflər durmur. Özünüz də bilirsiz ki, yayda komandanı bir ayın içində formalaşdırdıq. Ona görə də bu gün üçün əsas məqsəd komandanın təməlini qurmaq, yaratmaqdı. Sonra necə olacaq, bunu artıq zaman göstərəcək.
- Hədəfləri kənara qoyub, “Sabah”ın potensialını düşünsək necə?
- Fikir vermisizsə, turnir cədvəlində sıxlıqdı. Təsəvvür edin, ikinci pillədə qərarlaşan “Binə” ilə aramızda cəmi 6 xal fərq var. Bunu nəzərə alsaq, ilk “3-lük” uğrunda mübarizə apara biləcəyimizi düşünürəm.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR