“Mançester Yunayted”in stajlı fanatları bu hücumçunu gözəl xatırlayır.
Çünki o, klubun tarixində iz buraxmış oyunçulardandı. 6 mövsüm ərzində 5-i ölkə çempionluğu və 1-i Çempionlar Liqası olmaqla qazandığı 9 titul da bunu sübut edir. Söhbət 1995-2001-ci illərdə mankunianların şərəfini qorumuş Endi Kouldan gedir. Hazırda 52 yaşı olan Koul “qırmızı şeytanlar”ın heyətində 275 rəsmi oyunda 121 qol, 44 məhsuldar ötürməlik performans sərgiləyib. O, klub tarixinin ən məhsuldar oyunçuları siyahısında 19-cu pillədədi. Bəs görəsən, Koul “Yunayted”in indiki durumu, eləcə də ayrı-ayrı oyunçuların çıxışı haqda nə düşünür? Onun İngiltərə mətbuatına verdiyi müsahibə ilə tanış olaq.
- ÇL-də uğursuz nəticələrə baxmayaraq “Yunayted” premyer-liqada son 5 oyunun 4-də qalib gəlib. Sizcə, bu, komandanın böhrandan çıxdığını düşünmək üçün yetərlidi?
- Komanda baxımlı oynayıb nəticə qazana bilməsəydi, onda deyərdik ki, bu, müvəqqəti şanssızlıqdı və nəticələr düzələcək. Amma oyun planında irəliləyiş görmürük. “Luton” 10 il əvvəl “Old Trafford”a səfər etsəydi, hər kəs “Yunayted”in asanlıqla 5-6 qol vuracağını düşünərdi. Amma indi reallıq budu ki, “Yunayted” evdə “Luton”a 1 qolu çətinliklə vurur. “Fulhem”ə qarşı əvvəlki oyunda da qələbə qolu son saniyələrdə vuruldu. Ona görə də komandanın hələ ki düzgün yolda olduğunu, problemlərin bitdiyini demək çox tezdi.
- “Yunayted”in belə oyununu zədələrin çoxluğu ilə əlaqələndirmək olarmı?
- Zədə futbolun ayrılmaz hissəsidi və böyük klubların hamısında belə şeylər olur. Amma onlar əvvəlcədən buna qarşı tədbir görürlər və heyəti genişləndirirlər. Zədədən sonra iki çıxış yolu var: ya ehtiyatda elə futbolçun olmalıdı ki, dərhal fayda verməyi bacarsın, ya da akademiyadan “yeni qan” cəlb etməlisən. “Yunayted” həmişə öz yetirmələri ilə seçilib və Reşford da buna sübutdu. Zədələr qətiyyən bəhanə kimi ortaya atılmamalıdı. “Yunayted” kimi klubun ehtiyat qüvvəsi, resursları olmalıdı. Qvaridola bugünlərdə yaxşı bir söz işlətdi. Dedi ki, zədəlilər haqda düşünməyə vaxtım yoxdu. Çünki diqqəti əlinin altında olan oyunçulara yönəltməlidi. “Yunayted”də də belə olmalıdı.
- Erik ten Haqın klubdakı gələcəyi çox müzakirə olunur...
- Futbolda nəyin necə olacağını əvvəlcədən demək olmur. Premyer-liqada bir məşqçinin bir klubdakı “ömrü” orta hesabla 18 aydı. “Yunayted” ötən mövsümü “3-lük”də tamamlayıb ÇL-ə vəsiqə qazandığı üçün insanlarda bu mövsümlə bağlı ümid yaranmışdı. Amma ötən mövsümü tam unutmaq lazımdı. Keçmişlə yaşamaq olmaz. Bu mövsüm oyunçularda özünəinam çatışmır. Bu üzdən də nəticələr yaxşı deyil. Komanda kimi də güclü oynamırıq. Oyunçuların çoxu fərdi oynamağa meyl edir.
- İcraçı direktor Riçard Arnoldun mövsümün sonunda komandadan ayrılacağı artıq dəqiqdi. Sizcə, bu, ser Cim Retkliffin komandada edəcəyi dəyişikliklərin başlanğıcıdı?
- Bu haqda elə də çox düşünməmişəm. Çünki rəsmi şəkildə ortada heç nə yoxdu. Retkliff hələ klubun sahibinə çevrilməyib. Bu məsələ hələ ki söz-söhbət “çərçivə”sindən çıxmayıb. Rəsmi şəkildə bu dəyişiklik baş versə, onda komandanı gələcəyinin necə olacağı barədə danışmaq olar.
- Deyilənə görə, Retkliff hazırda komandanın gələcəyi barədə ser Aleks Ferqyusonla məsləhətləşir. Bu, düzgün addımdı?
- Bilirsiz, hər komandanın öz tərzi olmalıdı. Bunu “Real” və “Barselona”nın timsalında da görürük. Böyük klubun başına keçən məşqçinin dərhal o klubun oyun tərzini kökündən dəyişməsi yanlışdı. Çünki belə klubların tarixi ənənələri olur. Retkliff Feryusonla məsləhətləşirsə, deməli, klubun Ferqyusonun dönəmindəki kimi oynamasını, uğurlu olmasını istəyir. Bu məqam Ferqyusonun klubun tarixindəki rolunu göstərir. Ser Aleks ayrılandan sonra müvəqqəti işləyənləri saymasaq, “Yunayted”i 5 məşqçi çalışdırıb. Onların hər biri kluba öz fəlsəfəsini aşılamağa çalışıb. Məncə, bu, düzgün deyil. Məgər Stiv Cobs dünyasını dəyişəndən sonra “Apple” öz tərzini, fəlsəfəsini dəyişdi? “Yunayted” necə böyük bir klub olduğunu xatırlamalı və öz fəlsəfəsinə qayıtmalıdı.
- Fernandeşin kapitan sarğısını daşımağa layiq olub-olmaması fanatlar arasında çox müzakirə olunur. Siz onun kapitanlığı barədə nə düşünürsüz?
- Əvvəlcə onu deyim ki, bizim dönəmimizdəki kapitanlarla indiki dönəmin kapitanları çox fərqlidi. 20 il əvvəl kapitan sarğısını daşıyanlar tam fərqli özəlliklərə malik idilər. Fernandeşə gəlincə, mən də sizə bir sual verim. Məgər seçim imkanı böyükdü? Siz indiki “Yunayted”də kapitanlığı kimə verərdiz? Axı ortada 4-5 möhtəşəm namizəd yoxdu. Bizim dönəmimizdə sarğını Kindən başqa Stam da, İrvin də, Şmeyhel də, Giqqz də, Skoulz da rahatlıqla taxa bilərdi. Başa düşürəm ki, insanlar tez-tez əl-qol hərəkətləri ilə komanda yoldaşlarına qarşı hörmətsizlik edən, hakimin qərarlarından gileylənən futbolçunu kapitan kimi görmək istəmir. Amma Fernandeşi olduğu kimi qəbul etməliyik. Özünə və komanda yoldaşlarına faydalı olan şeyi ondan yaxşı heç kim bilmir.
- Bir qədər Höylunn haqda da danışaq. Hələ də premyer-liqada qol hesabını aça bilməyib. Düşünürsüz ki, problem ondadı, yoxsa, komanda yoldaşlarında?
- Höylunnun üzərində indi inanılmaz təzyiq var. Cəmi 20 yaşı var və çox böyük pullar qarşılığında transfer edilib. Gözləntilər böyükdü. Amma birincisi, o, çox az sayda qol epizodu yaradan komandaya gəlib. İkincisi, onun yanında təcrübəli bir isim olmalıdı ki, baxıb nəsə öyrənsin. Mənim dönəmimdə komandada Şeringem, York, Sulşer, Kantona, Hyuz kimi önəmli hücum oyunçuları var idi. “Yunayted”də Van Persidən bu yana ümidləri doğruldan mərkəz hücumçusu olmayıb. Höylunn ÇL-də qollarını vursa da, unutmayaq ki, beynəlxalq arena ilə premyer-liqa çox fərqlənir. Höylunn əlindən gələni edir. Ona çox çətin olsa da, tezliklə premyer-liqada da qollarını sıralayacağına inanıram.
- Deməli, “Yunayted”ə təcrübəli bir bombardir lazımdı?
- Yüz faiz. “Yunayted” kimi bir klub 20 yaşlı təcrübəsiz gəncin ümidinə qalmamalıdı! “Arsenal”, “Liverpul” və “Mançester Siti”də təcrübəli forvardlar var. Gənclər də onlara baxıb öyrənir. Höylunn bəlkə də premyer-liqada işlərin necə qurulduğunu dərindən bilmir. Ona yol göstərmək lazımdı. İlk 9 matçda qol vurmayan futbolçu aynanın qarşısında oturub özünə bəzi suallar verməlidi. O, hələ inkişaf mərhələsindədi və bəzi şeyləri indi-indi öyrənir.
- Reşfordun da performansı fanatları narahat edir. Nə üçün məhsuldarlığı aşağı düşüb? Əvvəlki formasını qaytarmaq üçün nə etməlidi?
- Bu suala cavab verə bilməyəcəm. Çünki onun probleminin nədən qaynaqlandığını həqiqətən də bilmirəm. Ötən mövsümü mükəmməl keçirdi. Son illər qeyri-sabit oynayır. Məsələn, 2021/22-ni xatırlasaq, həmin mövsümdə də çox az qol vurmuşdu. Messi və Ronaldo kimi “əjdahalar” heç vaxt belə desək, fasilə götürmürdülər. Onlar 20 ilə yaxındı, sabit və məhsuldar oynayırlar. Elit səviyyədəki futbolçu məhz bu cür olmalıdı. Reşfordun beynində nə baş verdiyini özündən başqa heç kim bilmir. Hər həftə, hər matçda start heyətində oynayır. Bir futbolçuya daha nə lazımdı? Bu mövsüm 16 rəsmi oyuna cəmi 1 qol vurub. Onun yerində olsam, problemi özümdə axtararam və harda səhvə yol verdiyimi aydınlaşdırmağa çalışaram. Məşqdə etdiklərimə, zərbələrimə daha çox diqqət yetirməyə, formamı yaxşılaşdırmağa səy göstərərəm.
- Eriksen zədə üzündən ən azı 1 aylığa sıradan çıxıb. Maunt mərkəzdə onu əvəz edə biləcəkmi?
- Açıq danışsaq, Mauntun “Old Trafford”dakı ilk ayları gözlənildiyi kimi keçmədi. Biz “Çelsi” ilə müqaviləsinin son ilinə daxil olan bir futbolçuya görə 60 milyon funt sterlinq ödədik. Həm oynadığı matçlarda zəif təsir bağışlayır, həm də tez-tez zədələnir. Hər kəs artıq onun özünə gəlməsini istəyir. Eriksenin zədələnməsi Maunt üçün bir şansdı. Amma hər şey bir futbolçudan asılı deyil. Komandanın da performansı yüksəlməlidi.
- Sizcə, Varanın start heyətindəki yerini itirməsi nə ilə bağlıdı? Yayda ona Səudiyyə Ərəbistanından ciddi təklif var idi.
- Ümumiyyətlə, müdafiənin mərkəzindəki dəyişiklik məni heyrətə gətirir. Mövsümün əvvəlində Ten Haq faktiki Maquayrdan üz döndərmişdi. Onun ayrılmasına heç kim mane olmayacaqdı. Amma Maquayr komandada qalmağa və əsas heyət uğrunda mübarizə aparmağa üstünlük verdi. Həmin an Varan Lisandro Martineslə birlikdə əsas müdafiəçi hesab olunurdu. Amma cəmi 3 ay geridə qalsa da, vəziyyət 180 dərəcə dəyişib. İndi Maquayr əsas müdafiəçidi. Ehtiyatda qalan Varan isə ayrılmaq barədə düşünür. Onunla Ten Haq arasında nə baş verdiyini, bu addımın taktika ilə bağlı olub-olmadığını bilmirəm. Varan kifayət qədər təcrübəlidi və nə etmək lazım olduğunu bilir. İndi Ten Haq üçün hətta Lindelöf də ondan üstündü. Futbolda hər şey çox tez dəyişir. 3 ay əvvəl kim deyərdi ki, Maquayrla Evans müdafiənin mərkəzində Ten Haqın əsas seçimi olacaq?
- Belə fikir gəzir ki, ser Cim Retkliff “Yunayted”i ələ keçirsə, heyətdə çox ciddi dəyişikliklər olacaq. Kazemiro və Sançoya da Səudiyyə Ərəbistanından təkliflər var. Kazemiro bu komanda üçün vazkeçilmz oyunçudu?
- İndiki “Yunayted” üçün vazkeçilməz oyunçu yoxdu! Hamı mövsümə zəif başlayıb. Komanda ötənilki performansının heç yarısını da sərgiləmir. Yaxşı mənada yalnız Maquayrla Maktomineyi fərqləndirmək olar. İşin ən qəribə tərəfi odu ki, komanda yayda bu iki futbolçu ilə vidalaşmaq istəyirdi. Kazemiro nəyə qadir olduğunu bilir. Səviyyəli futbolçudu və zədədən qayıtdıqdan sonra yenə oynamağa başlayacaq. Amma klubun onunla bağlı mövqeyindən də çox şey asılı olacaq. Sançonun isə Səudiyyə Ərəbistanına yollanacağına qətiyyən inanmıram. Çünki cəmi 23 yaşı var. Düzdü, məşqçi ilə aralarında problem var. Amma bu yaşda bir oyunçunun Səudiyyə Ərəbistanına yollana biləcəyini təsəvvür etmirəm. “Yunayted” olmasın, Avropanın başqa bir klubu olsun. Sanço Avropada özünə çox asanlıqla yeni klub tapa bilər. Sanço son illərdə Mançesterə gəlib ümidləri doğrulda bilməyən çoxsaylı futbolçulardan biridi. Sadəcə, bu komanda ilə qanı uyuşmadı. Amma son illərdə “Yunayted”də özünü göstərə biulməyib başqa klubda yaxşı oynayan kifayət qədər futbolçu görmüşük. Sanço da bunlardan biri ola bilər.
- Bəs Antoninin problemini nədə görürsüz?
- Düzünü desəm, mən Antoni ilə birlikdə oynasam, saçlarımı yolardım! Çünki vinger olmasına baxmayaraq, cinaha getmir və asma etmir. Höylunn kimi hələ premyer-liqada qol hesabını açmayan hücumçular üçün cinahdan gələn asmalar çox önəmlidi. Top Antoninin sol ayağındadısa, o, 10 haldan 9-da qapıya zərbə endirəcək. Bu vəziyyətdə Höylunn üçün yarana biləcək yeganə şans qapıçının qaytardığı top ola bilər. Antoninin güclü tərəfi nədi? Nə oyunçu keçir, nə qol vəziyyəti yaradır, nə də qol vurur! Halbuki “Yunayted” ona görə 86 milyon funt sterlinq ödəyib. Məsələn, “Brayton” Mitomanı cəmi 2,7 milyon avroya transfer edib. Belə olanda ortaya təbii suallar çıxır. Bu, bilirsiz, nəyə bənzəyir? “Primark” (İrlandiyanın endirimli pərakəndə satış firması – red.) və “Zara”dan (dəbli İspaniya brendi – red.) alış-veriş etməyə. Düşünürsən ki, “Zara”dan nəsə aldıqda daha keyfiyyətli olacaq. Amma sonra görürsən ki, eyni şey qat-qat ucuz qiymətə “Primark”da da var. Ümumiyyətlə, son ildə “Yunayted”in milyonlar xərcləyib aldığı oyunçulara baxanda görürsən ki, bu işdə bir tərslik var. Çünki başqa klublar həmin oyunçuları çox ucuz qiymətə alardılar. Antoni çox bərbad mövsüm keçirir. Başa düşürəm ki, şəxsi həyatında bəzi problemlər yaşayır. Amma bizə onun futbolçu kimi keyfiyyətləri maraqlıdı. O, gəldiyi gündən bəri komandaya heç nə verməyib! Belə davam etsə, komandada çox qalmayacaq. Amma hər şey məqşçidən asılıdı.
- Bazar günü “Yunayted”i çətin “Everton” səfəri gözləyir. Rəqib yaxşı formadadı. “Everton”dan 10 xalın silinməsi amili bu matça təsir edə bilərmi?
- Həqiqətən çox çətin oyun olacaq. “Everton” xalları silindikdən sonra doğma meydandakı ilk oyunda qalib gəlmək üçün hər şey edəcək. Onların düşmə zonasından çıxmaq üçün təcili xallara ehtiyacı var. Ötən mövsüm “Yunayted” “Qudison Park”da çox çətin qələbə qazanmışdı. Şon Dayç “Everton”u dirçəltməyi bacarıb. Fikrimcə, heç-heçə “Yunayted” üçün heç də faciə sayılmayacaq.
ƏLİ RAUFOĞLU