“Çağırış” kuboku
Kristianstad (İsveç) – AZƏRYOL 30:23 (13:14)
Kristianstad: Aslı İskit - 7, Sindi Birberq - 6, Sara Karlström - 5, Zoe Afram - 4, Jozefina Qunnarsson - 4, Maya Hansson - 2, Karolina Mansson - 2, Yuliya Qolubova, Luiza Naydenström, Aqnes Rutqvist, Lusiya Satrapova, Elin Stiin, Martina Vaysenbilderova.
Azəryol: Valentina Yankovskaya – 7, Mariya Raçitelyeva – 4, İranə Qasımova – 3, İrina Sutirka – 3, Anna Burova – 2, Vlada Kosmina – 2, Anastasiya Metelska – 1, Dərya Rusinova – 1, Yana Qornak, Milika Qrbavçeviç, Yelizaveta Qilyazetdinova, Mədinə Musayeva, Rəna Nəsrəddinova, Oksana Aryoxova, Mariya Stankoviç, İnarə Yusibova.
Hakimlər: Marina Dupley, Alyona Kaverina (hər ikisi Ukrayna).
EHF nümayəndəsi: Kənan Gökmən (Türkiyə).
2 fevral. Bakı. “ABU Arena”. 850 tamaşaçı.
“Nur” EHF kubokunda mübarizəni dayandırdığından avrokuboklarda yeganə ümidimiz “Azəryol”a idi. Əsasını yığma üzvləri təşkil edən kluba böyük azarkeş dəstəyi var idi. Demək olar ki, tribunalar tam dolmuşdu. Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və başqa idman funksionerləri də İsveç klubu ilə oyunu canlı izləyirdi. Təmsilçimiz oyuna yaxşı başladı. Hətta bir ara 4 topluq fərq yaranmışdı. Ancaq boşa verilən hücumlar və kobud səhvlər fonunda rəqib nəinki fərqi qapadı, hətta hesabda önə də keçdi. Amma istənilən halda, fasiləyə təmsilçimiz minimal fərqlə öndə yollandı – 14:13.
Ancaq ikinci yarıda komandamız yalnız ilk 15 dəqiqədə isveçlilərlə başabaş oynaya bildi. Son 10 dəqiqədə isə təşəbbüs tam əldən çıxdı. “Kristianstad” hesabda öndə olsa da, nominal meydan sahibləri ukraynalı hakimlərdən narazı idi. Hətta ifrat etiraza görə 24-cü dəqiqədə rəqibin baş məşqçisi qarşısında sarı vərəqə də gördü. “Azəryol”un hücumları get-gedə kəsərini itirirdi. “Oxunan” həmlələri zərərsizləşdirmək İsveç klubu üçün o qədər də çətin deyildi. Əvəzində komandamızı əks-hücumda yaxalayan “Kristianstad” fərqi durmadan açırdı. Məğlubiyyətin qaçılmaz olduğunu görən bəzi azarkeşlər sona yaxın arenanı tərk etməyə başladı. Yekunda təmsilçimiz 7 top fərqi ilə uduzdu.
Oyundan sonra rəqibin türk həndbolçusu Aslı İskitin fikirlərini öyrəndik: “Qalib gəldiyimiz üçün şadam. İlk hissəni pis keçirsək də, ikinci yarıda çox yaxşı oynadıq. Cavab oyunu ərəfəsində 7 topluq üstünlüyümüz var. İnşallah, növbəti mərhələyə yüksələcəyik. Uduzsaydıq, bunu sürpriz nəticə sayacaqdıq. “Azəryol”da ukraynalı və rusiyalı oyunçular var. Bizdə də bir rus həndbolçu çıxış edir. Komandanız haqda ondan da müəyyən məlumatlar əldə etmişdik. “Azəryol”un çox yaxşı qapıçısı var. Avrokuboklarda debüt etsək də, bu turnirdə bacardığımız qədər irəliləmək istəyirik”.
Qeyd edək ki, bu gün tərəflər yenidən eyni məkanda cavab oyununu keçirəcək. Bu matç da 17.00-da başlayacaq. Bu dəfə “Azəryol” ev sahibi funksiyasını yerinə yetirəcək.