İran çempionatında 22-ci tura yekun vurulub. Ötən sayımızda “Göstəriş Fulad”ın Təbrizdə “Meşki Puşan”la qolsuz heç-heçəyə razılaşdığını xəbər vermişdik. Dünən isə “Traktorsazi” səfərdə “Padideh”lə münasibətləri aydınlaşdırıb. “Qurdlar” Ərtoğrul Sağlamın rəhbərliyi altında ilk qələbəsini darmadağınla qeyd edib – 3:0. Ancaq bunda Məhəmməd Muradməndin 49-cu dəqiqədə qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoymasının da rolu olub. Hesabı 51-ci dəqiqədə Mehdi Mehdipur açıb. 83-cü dəqiqədə Ehsan Pəhləvan fərqi iki topa çatdırıb. 7 dəqiqə sonra dublunu rəsmiləşdirən Pəhləvan həm də yekun hesabı müəyyənləşdirib. “Poladçılar” 30 xalla 7-ci pillədə qərarlaşıbsa, həmşəhərlilərindən 5 xal geri qalan “qırmızı-ağlar” ilk “10-luğ”u qapayır. Növbəti tur Təbriz derbisi ilə əlamətdar olacaq. “Traktorsazi” və “Göstəriş Fulad” fevralın 9-da “Səhənd” stadionunda münasibətləri aydınlaşdıracaq.
SƏRXAN