Sizin reklam burada

Ölüm-qalım savaşına doğru…

Müəllif: football Tarix: 4-02-2018, 13:07 650 Baxış
Ölüm-qalım savaşına doğru…
…və ya Qriqorçukdan ilk “qığılcımlar”
Hər kəsə bəllidi ki, mövsümün ikinci yarısı daha gərgin keçəcək. Finişə doğru irəlilədikcə çempionluq və kubok uğrunda mübarizə qızışacaq. Təbii, qızıl medallara “Qarabağ” və “Qəbələ” əsas iddialılardı. Düzdü, “köhlən atlar” ardıcıl 5-ci dəfə çempion olmağa “qırmızı-qaralar”dan daha yaxındı. Belə ki, Qurban Qurbanovun yetirmələri əsas rəqibini hazırda 6 xal qabaqlayır. Hər nə qədər ağdamlıların bu üstünlüyü əldən verəcəyi inandırıcı görünməsə belə, futbolda bəzən bundan dəfələrlə böyük xal fərqinin “əridiyini” görmüşük. Elə “Qəbələ” şəxsi oyunlarda qələbə qazanmaqla şansları bərabərləşdirə bilər. Artıq qış fasiləsinin başa çatmasına cəmi 1 həftə qalıb. Fasilədən sonra baş tutacaq 15-ci turda məhz bu iki komanda üz-üzə gələcək. Özü də “Qarabağ” kubokda mübarizəni dayandırdığından bütün gücünü çempionata qoyacağı birmənalıdı. “Köhlən atlar”ın mövsümü titulsuz başa vurmağı ağlının ucundan belə keçirmədiyi şübhə doğurmur. Hərçənd Dino Ndlovu kimi önəmli füqurunu itirməsi “Qarabağ”ın gücünə təsir edir. “Qəbələ”də isə belə bir gediş olmadı. Düzdü, Roman Qriqorçukun komandasının kuboku qazanmaqla ilk tituluna qovuşmaq niyyətində olduğunu da qeyd etməliyik. Bununla belə, “qırmızı-qaralar” hər iki cəbhədə uğura köklənib. Qızıl medallara doğru önəmli addım isə fevralın 10-da atılacaq. “Qarabağ”ın qələbəsi “Qəbələ”nin çempionluq şanslarına ciddi zərbə vuracaqsa, “qırmızı-qaralar”ın 3 xalı qazanması birincilik mübarizəsini qızışdıracaq. Maraqlıdı ki, Antalya hazırlıqlarının gedişində Qriqorçuk artıq bir neçə dəfə “Qarabağ”lıların “bostanına daş atıb”. Doğrudu, ukraynalının açıqlamaları yığma məşqçilərinə yönəlib, ancaq fakt budu ki, əsas millinin başında “köhlən atlar”ın çalışdırıcısı Qurban Qurbanov, U-21-də isə ağdamlıların kapitanı Rəşad Sadıqovdu.
“Kimin nə qədər oynamalı olduğuna mən qərar verirəm”
U-21-in Albaniya üzərində qələbəsindən sonra Sadıqov klubunda az şans qazanan futbolçularla bağlı bunları demişdi: “Elə məşqçilər var ki, münasibətimiz çox yaxşıdı. Danışırıq, müzakirə edirik. Ancaq bəziləri ilə münasibət o qədər çox deyil, arada yaş məsələsi də var. Məsələn, etik olaraq "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka nəsə deməyim düzgün çıxmaz. O da yəqin ki, görür. Hacıağa Hacılı məşqlərdə özünü bu oyunlardakı kimi göstərə bilsə, inanıram ki, şans qazanacaq. Təkcə o deyil. Mən bütün uşaqlardan razıyam. Hər biri klubunda möhkəmlənməlidi. Məşqdə özlərini məşqçinin “gözünə soxmalıdılar” ki, şans qazansınlar. Bu yolu davam etdirməyin şərtlərindən biri klubda daim oynamaqdı”.
“Qəbələ”nin “Arsenal”la keçirdiyi yoxlama oyununun ardınca jurnalistlərə müsahibə verən Qriqorçuk Sadıqovun fikirlərinə belə rəy bildirdi: “Bütün oyunçularımı çox yaxşı tanıyıram. Başqaları kimi, Hacıağa da komandayla məşq edir. Son qərarı mən verirəm – kim nə qədər oynamalıdı və s. Öz futbolçularımı yüksək səviyyədə görməyi mən də arzulayıram. Qisməti, Hacıağanı və başqa gəncləri daha çox meydanda görmək xoş olar. Belə məsələlərdə kiminsə mənə nəsə deməsi qeyri-peşəkarlıq olar”.
“Futbolçularımın yalnız bir matçda iştirakına icazə verəcəkdim”
Ukraynalı mütəxəssis Qurbanovun “Qəbələ”nin 3 futbolçusuna dəvət göndərməsinə də münasibət bildirmişdi. O bunun komandanın hazırlığına mane olmayacağını desə də, maraqlı fikir səsləndirmişdi: “Bu barədə Qurbanla söhbətimiz olub. İki oyun olsaydı, futbolçularımızın yalnız bir matçda iştirakına icazə verəcəkdim. Kosovo ilə qarşılaşma təxirə salındı deyə, oyunçularımızı milliyə 4 günlük göndərəcəyik”.
“Yığmanın oyunundan daha ciddi işlərim var”
Maraqlıdı ki, Qriqorçuk Qurbanovun baş məşqçi kimi yığmada debüt oyununu izləməyib. Daha doğrusu, “Qəbələ”nin çalışdırıcısı buna ehtiyac görməyib. O daha vacib işlərinin olduğunu deyib: “Oyuna baxmadım. Açığı, özümə imkan verə bilmərəm ki, Moldova yığmasıyla iki saat yoldaşlıq görüşünə baxım. Məşğul olmağa daha ciddi işlərim var. Bu səbəbdən millinin oyununu görmədim”.
Bir sözlə, ukraynalının açıqlamalarında “Qarabağ”lılara isti yanaşma yoxdu. Bu isə prinsipial rəqiblərinin qarşıdakı mübarizəsinin hansı səviyyədə gedəcəyindən xəbər verir. Xüsusən fevralın 10-da baş tutacaq oyunu indidən ölüm-qalım savaşı adlandıra bilərik. Qriqorçukun yuxarıda sadaladığımız fikirləri isə həmin alovun ilk qığılcımlarıdı.
FARİZ
SON XƏBƏRLƏR