Dünən Gənclər Günü münasibətilə Milli Parkda “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən könüllülərlə bağlı instalyasiyanın açılışı olub. İnstalyasiya gənclərə dəstək məqsədilə “Biz könüllülərimizi sevirik” devizi altında təşkil olunub. BŞH-nin könüllülər üzrə koordinatoru Tural Hümbətov könüllülərin artıq üçüncü ildi “Formula-1” yarışlarının təşkilinə cəlb olunduqlarını vurğulayıb. Bildirib ki, könüllülər kütləvi idman tədbirlərinin təşkilində əvəzsiz rol oynayırlar. Mötəbər yarışları könüllülərin dəstəyi olmadan təşkil etmək mümkün deyil. Sevindirici haldı ki, könüllülərimiz Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbir və yarışların təşkilində fəal iştirak edir. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın könüllülərin fəaliyyətini daim diqqət mərkəzində saxladıqlarını, onların xidmətlərini yüksək qiymətləndirdiklərini məmnunluqla qeyd edən Tural Hümbətov deyib: “Biz də “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinin təşkilində yaxından iştirak edən könüllülərimizə təşəkkürümüzü bildirmək məqsədilə bu instalyasiyanı təşkil etmişik. İnstalyasiyanı paytaxt sakinlərinin və turistlərin ən çox üz tutduqları məkanda təşkil etməyimiz könüllülərə olan minnətdarlığımızın göstəricisidi”.
Bu il də mötəbər yarışın təşkilinə 3000 könüllünün cəlb olunacağını deyən BŞH nümayəndəsi ötən il “Formula-1” üzrə dünya çempionatının ən maraqlı “Qran-pri”sinin Bakı mərhələsi olduğunu məmnunluqla qeyd edərək, bu uğurda könüllülərin xidmətlərini xüsusi vurğulayıb.