Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanmalar üzrə 10-cu beynəlxalq memorialın açılış mərasimi keçirilib. Respublika Olimpiya Mərkəzində keçirilən yarışda Azərbaycan, Rusiya və Gürcüstandan idmançılar iştirak edir. Turnirdə 1999 təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar uzunluğa, üçtəkanla və yakut tullanmada mübarizə aparır. Turnirin açılış mərasimində çıxış edən Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov Aleksandr Antipovun idmanın inkişafında xidmətlərindən danışıb: “Bu gün Antipovun xatirəsinə həsr edilən 10-cu memorial keçirilir. Onun Azərbaycanda tullanmalar üzrə idman məktəbinin inkişafında mühüm xidmətləri var. Bu yarış atletikanın inkişafına töhfə verəcək”.
Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasının milli idman növləri mərkəzinin direktoru İnnakenti Qriqoryev qeyd edib ki, belə mötəbər yarışların keçirilməsi xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və idmanın inkişafında mühüm rol oynayır. Qriqoryev Aleksandr Antipovun oğlu Sergeyə və SSRİ çempionu Mamed Axundova mükafatlar təqdim edib.
Atletika Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Atletika İdman Klubunun prezidenti Sergey Antipov Rusiya ilə Azərbaycan arasında idman əlaqələrinin inkişafındakı xidmətlərinə görə təltif olunub. Tədbirdə əməkdar idman ustası Mamed Axundov da döş nişanı ilə təltif edilib.
Mərasimdə qeyd olunub ki, Aleksis Kapello və Hayle İbrahimov qış idman növləri üzrə dünya çempionatına vəsiqə qazanıb. Həmçinin Nazim Babayev, Anna Skidan, Hayle İbrahimov, Aleksis Kapello, Evans Kiploqat Berlində keçiriləcək Avropa çempionatında iştirak hüququ əldə edib. Bundan başqa, Rüstəm Məmmədov, Yelena Pextriyeva, Lamiyə Vəliyeva Qyor şəhərində keçiriləcək və Yeniyetmələrin Yay Olimpiadasına lisenziya xarakteri daşıyacaq Avropa çempionatında mübarizə aparacaq. Açılış mərasimindən sonra turnirə start verilib. Yarışa bu gün yekun vurulacaq.