Nəriman Abdullayev: “Kimin aranı qatdığını müəyyənləşdirəcəyik”
Ötən sayımızda boks üzrə ölkə çempionatında yaşanan qalmaqalları nəzərinizə çatdırmışdıq. Əsas narazılıq hakimliklə bağlı idi. Bu üzdən məğlub boksçular və onların məşqçiləri kəskin narazılığını bildirir, onlara tamaşaçılar da qoşulurdu. Bundan başqa, əsas yığma üzvlərinin çempionatda iştirak etməməsi diqqəti çəkən məsələdi. Birincilik başa çatar-çatmaz millinin böyük məşqçisi Nəriman Abdullayevlə ayaqüstü söhbətləşdik.
- Yarışa 203 boksçu qatıldı. Kütləvilik ürəyinizcə oldu?
- Bəli, razı qaldım. Çempionatda yetərincə boksçu iştirak etdi.
- Bir çox yığma üzvü niyə bu turniri buraxıb?
- Burda müxtəlif səbəblər var. Məsələn, Lorenso Sotomayorun qohumu dünyasını dəyişdiyi üçün vətəni Kubaya yollanıb. Pərviz Bağırov ailəvi səbəblərdən bizdən icazə almışdı. Yeni ailə həyatı qurub. Hər halda, daha dəqiq səbəbi şəxsi məşqçisindən öyrənə bilərsiz. Teymur Məmmədovun dirsəyində, Məhəmmədrəsul Məcidovun dizində zədəsi var.
- Bu yaxınlarda Sotomayorun böyük pul dəstəsini dişlədiyi və bir neçə qızla “isti” şəkilləri yayılıb. Buna görə ona “qulaqburması” verməyi düşünürsüz?
- Bu şəkilləri yeni görmüşəm. Dediyim kimi, Sotomayor hazırda Kubadadı. Qayıdanda ona sözümü deyəcəm.
- Elvin Məmişzadə bu yaxınlarda “Report”a verdiyi müsahibədə federasiyada problemlərin olduğunu, bəzi şəxslərin baş məşqçi Leonid Loivskiyə onun haqda düzgün informasiya vermədiyini söyləyib...
- Onunla zəng edib danışdım və bura dəvət etdim. Çünki mənə çox jurnalist zəng edib, müsahibə almaq istəyirdi. Ancaq Elvinlə danışdım. Dedi ki, aranı qatanlar var. Demişəm ki, gəl Bakıya, görüşüb söhbət edək. Kimin aranı qatdığını müəyyənləşdirəcəyik.
- Dünya çempionu yığmadan uzaqlaşdırılıb?
- Yox, Məmişzadə həmişə millidə olub. Bu yarışda iştirak etməliydi. Ancaq Elvin niyə çempionata qatılmadı, bax, onu bilmirəm. Bu turnir onun üçün açıq idi. İştirak edə bilərdi.
- Bəs Məmişzadəni millinin növbəti təlim-məşq toplanışına cəlb edəcəksiz?
- Yox. Ölkə çempionatında üzrsüz səbəbdən iştirak etməyənlərə problem olacaq.
- Yaxın keçmişdə ən yüngül çəkidə yığma üzvü olan Rüfət Hüseynov da gözümüzə dəymədi...
- Ondan xəbərim yoxdu. Boksdan bir qədər uzaq düşüb.
- Hakimlik haqda nə deyə bilərsiz?
- Bu haqda vitse-prezident və beynəlxalq dərəcəli hakimimiz Rövşən Hüseynovla danışsaz, daha yaxşı olar.
- Azarkeş marağını necə qiymətləndirirsiz?
- Boks Mərkəzinin tutumunu nəzərə alsaq, tamaşaçı sayı yaxşı idi.
- Yığmanın hazırlıq planı necədi?
- Ölkə çempionatında qalib gələnlərdən 6-sı və ya 8-i Bolqarıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Həmin yarış fevralın 16-da başlayacaq. Bu il böyüklər arasında nə Avropa, nə də dünya çempionatı var. Əsas yarış 23 yaşadək boksçular arasında keçiriləcək qitə birinciliyi olacaq.
SƏRXAN