Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” Antalyadakı hazırlıq prosesi çərçivəsində dünən növbəti - sonuncu yoxlama oyununu keçirib. Yuri Maksimovun komandası Rusiyanın birinci divizion təmsilçisi “Yenisey”lə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 17.00-da start götürən qarşılaşmaya "Keşlə" Kamran Ağayev, Adrian Skarlatake, Slavik Alxasov, Cabir Əmirli, Denis Silva, Andre Klennon, İbrahim Sohna, Herve Tçami, Əlibəy Məmmədli, Pərdis Fərcad-Azad və Sezar Meza Kollidən ibarət "11-lik"lə çıxıb. Hesabı Maksimovun yetirmələri açıb. Slavik Alxasov 30-cu dəqiqədə rusları meydanın mərkəzinə dəvət edib. Bununla belə, bakılılar üstünlüyü sona qədər qoruya bilməyib. Rəqib 63-cü dəqiqədə bərabərlik qolunu vurub. Beləliklə, görüş 1:1 hesabıyla başa çatıb.
Xatırladaq ki, “Keşlə” bundan əvvəlki yoxlama görüşlərində Ukraynanın “Karpatı” klubuna 1:2 hesabı ilə uduzmuş, Makedoniya “Rabotniçki”sinə 1:0 hesabı ilə qalib gəlmişdi.
"Keşlə" bu gün Antalyanı tərk edərək Bakıya qayıdacaq.
MİRAĞA