Rüstəm Əfsərli: “Bu, yüz ildə bir dəfə baş verən hadisədi”
Yığmanın Moldova ilə oyununun ölkəmizdə maraqla izləniləcəyi əvvəlcədən bəlli idi. Qurban Qurbanovun baş məşqçi kimi millidəki debüt matçını hər kəs səbirsizliklə gözləyirdi. Yoldaşlıq xarakteri daşısa belə, moldovalılarla görüşə maraq kifayət qədər idi. “CBC Sport” isə Qurbanovun “siftə”sini ekranlara daşıdı. Ümumiyyətlə, adı çəkilən telekanal yarandığı gündən canlı yayınla bağlı bir çox boşluqları aradan qaldırıb. Təkcə premyer-liqa matçlarının hamısının, kubok görüşlərinin isə əksəriyyətinin ekranlara daşınmasını xatırlatsaq, kifayətdi. Bundan başqa, yığmaların oyunları, futzal üzrə turnirləri, klublarımızın təsnifat mərhələsindəki çıxışları zamanı “CBC Sport” “qollarını çırmalayır”. Bu mənada telekanal tamaşaçıları “filan oyunu necə izləyək” kimi əzabdan xilas edib. Elə hazırda əməkdaşlarını Antalyaya yollayan “CBC Sport” yığmanın ardınca klubların da bəzi yoldaşlıq görüşlərini yayınlayır. Bütün bunlar müsbət məqamlar kimi vurğulanmalıdı. Elə Moldova ilə oyunun sözügedən telekanalda yayınlanması bəlli olanda, azarkeşlərin üzləri güldü. Ancaq həmin qarşılaşmanın son dəqiqələrində yaşanan problem hər kəsi üzdü. Düzdü, ondan sonrakı vaxtda hesab dəyişmədi. Lakin hər halda, 87-ci dəqiqədən sonra yayının kəsilməsi tamaşaçıların “kefinə soğan doğradı”. Əlavə olunan 4 dəqiqəni də nəzərə alsaq, matçın son 7 dəqiqəsi yayınlanmadı.
Bunun səbəbini “CBC Sport”un şərhçilər qrupunun rəhbəri, yığmanın Moldova ilə oyununu şərh edən Rüstəm Əfsərlidən soruşduq: “Biz oyunu müasir internet xətti olan fiberoptik vasitəsilə yayınlayırdıq. Təchizatı “Mardan” stadionundan götürdük. 87-ci dəqiqədə arenanın fiberoptik təchizatı çökdü. Sona 6-7 dəqiqə qalmışdı. Bu, yüz ildə bir dəfə baş verən hadisədi, bəxtimizdən belə oldu. Çox təəssüf. Əslində öz işimizdə idik, oyunu çəkirdik. Özüm də rahat matçı şərh etmişəm. Qarşılaşma bitdikdən sonra məlumatımız oldu ki, yayın kəsilibmiş. Heç bunu bilmirdim. Matçdan sonra müsahibələr də etmişik. Ertəsi günü oyunun təkrarı bizdə getdi. Sadəcə, stadionun texniki təchizatı çökdü və onun bərpası təxminən 10 dəqiqə çəkdi. Problem aradan qalxan kimi dərhal qoşulsaq da, artıq gec idi”.
FARİZ