Samir Əliyev Vüqar Nadirova elə bir atmaca atdı ki...
Yanvarın 20-dən Antalyada olan “Səbail”in təlim-məşq toplanışı bu gün başa çatır. Sabah səhər saatlarında “Mirakl” otelini tərk edəcək bayıllılar günorta Bakıda olacaq. İkigünlük fasilədən sonra isə yenidən bir araya gələcəklər.
Türkiyədə olduğu müddətdə Odessa “Çernomorets”i (0:0) və “Napredak”la (1:1) heç-heçə oynayan Samir Əliyevin yetirmələri yalnız Sofiya “Lokomotiv”inə boyun əymişdi – 1:3. Dünənki rəqib isə Slovakiya “Senitsa”sı idi. Düzdü, yoldaşlıq görüşlərində nəticə ciddi önəm kəsb etmir. Amma bu qələbə “Səbail”ə lazım idi. Fevralın 1-də Ruslan Əmircanovun ad günüydü deyə, komanda yoldaşları ona qələbə hədiyyə etmək istəyirdi. İstədikləri nəticə əldə olunmasa da, 90 dəqiqənin tamamında Ruslanın üzü gülürdü. Hər halda, “Səbail” kimi premyer-liqa təmsilçisi üçün Slovakiya komandasıyla bərabərə qalmaq qələbəyə bərabər idi. Matç 2:2 hesabıyla yekunlaşdı.
Samir Əliyev bəzi aparıcı futbolçulara dincəlmək imkanı yaratdığından, start heyəti belə idi: Emil Balayev, Ruslan Əmircanov, Maudo Jarjue, Rahil Məmmədov, Eltun Yaqublu, Tamazi Tsetsxladze, Pərviz Qaraxanov, Aqşin Qurbanlı, Yevgeni Kuçuk, Fəhmin Muradbəyli, Raul Yaqubzadə.
Fasilədən sonra Vüqar Nadirov, Kamal Qurbanov, Aqşin Muxtaroğlu, Elman Taqayev, Nurlan Novruzov və Murtuz Abakarov özünü baş məşqçiyə göstərmək imkanı qazandı.
Maraq üçün qeyd edim ki, oyunu izləyənlər arasında tanınmış simalar vardı. U-21-in baş məşqçisi Rəşad Sadıqov, millidə qapıçılarla çalışan Dmitri Kramarenko, həm “Qarabağ”da, həm də yığmada Qurban Qurbanovun “sağ əli” kimi tanıdığımız Elçin Rəhmanov, “Qarabağ”ın futbol akademiyasının rəhbəri Borçe Xristov, vaxtilə millimizin şərəfini qorumuş, lakin hazırda menecerliklə məşğul olan Fabio Luis Ramim, həmçinin azərbaycanlı agent Vaqif Heydərli meydanda başverənləri diqqətlə izləyirdi. Rəşad Sadıqov, Elçin Rəhmanov və Borçe Xristovdan ibarət “üçlük” yalnız birinci hissəni izlədilər. Yaxın ərazidə “Keşlə” oynayırdı deyə, Sadıqov ordakı gəncləri də iş başında görmək istəyirdi.
Oyuna gəlincə, iki fərqi hissə izlədik. Birinci 45 dəqiqədə “Səbail” yaxşı oynadı, fasilədən sonra slovaklar üstünlüyü ələ alıb hesabı bərabərləşdirdilər. 6-cı dəqiqədə Fəhminin cinah keçidindən sonra Kuçuka ötürdüyü topu “Səbail”in yeni transferi tora qovuşdurdu. 22-ci dəqiqə Kuçuk dublla yadda qaldı. Moldovalı yarımmüdafiəçi təxminən 20 metrdən “çərçivə”ni dəqiq nişan aldı. Ümumiyyətlə, Kuçuku debütant üçün kəşf hesab etmək olar. Hərəkətlidi, topla rəftarı göz oxşayır, meydanı görmə qabliyyətinə söz ola bilməz. Hücumu tamamlamaq bacarığı da öz yerində.
İkinci hissədə daha yaxşı ola bilərdi. Samir Əliyev digər futbolçulara şans vermək üçün fasilədən sonra bir neçə əvəzetməyə əl atdı. Bununla da “Səbail”in oyunu itdi. Təmsilçimiz 47-ci dəqiqədə ilk topu buraxdı. 57-ci dəqiqədə Tamazinin rəqib futbolçuya qarşı kobudluğuna görə qazaxıstanlı hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən sonra bərabərlik topu vuruldu. Matçın son 10 dəqiqəsində tərəflərin qarşılıqlı hücumları səmərə vermədi. Qış fasiləsində ilk dəfə iş başında gördüyüm “Səbail”in fevraldan etibarən daha inamlı təsir bağışlayacağına şübhə etməyə dəyməz. Samir Əliyev mehriban, eyni zamanda ağıllı futbol oynayan komanda qurmağı bacarıb. Yeganə problemləri hücumları məntiqi sonluqla başa çatdırmaqdı ki, hücumçu yoxluğu sözünü deyir. Dekabra qədər “Kəpəz”də oynamış Viktor Oseqeyllə müqavilə bağlanmalıdı. Hazırda Bakıda olan forvard viza probleminə görə Antalyaya aparılmayıb.
Samir Əliyev demişkən, premyer-liqada bəlkə də yeganə məşqçidi ki, futbolçulara həm sərt üzünü göstərir, həm də zarafatından qalmır. Oyunun sonlarına yaxın Vüqar Nadirovun cərimə zərbəsindən vurduğu top qapının təxminən 10 metr üstündən keçib qonşu meydana düşdü. Baş məşqçinin üzünü iki əliylə başını sıxan Vüqara tutub “eybi yox, mən gedib gətirərəm” deməsi o qədər yerinə düşdü ki, atmacanı eşidən bəzi futbolçular da güldü. Hə, Samir bəy eyni zamanda həm də tələbkardı. İlk hissənin ortalarında Raul Yaqubzadə rəqib futbolçuyla mübarizə zamanı “ay ...” deyib yerə yıxılanda, Samir Əliyev Raulun rus dilində işlətdiyi söyüşə xeyli qəzəbləndi. Uca səslə iradını bildirəndən sonra dodağının altında deyindi.
HƏBİB, Bələk