Türkiyənin Bələk bölgəsində təlim-məşq toplanışını davam etdirən “Xəzər” həm də yoxlama oyunlarında gücünü sınayır. Birinci divizion təmsilçisi daha iki görüş keçirib. Elşad Əhmədovun yetirmələri əvvəlcə Seneqalın gənclərdən ibarət akademiyasının komandasını 4:2 hesabı ilə məğlub edib. Bu qarşılaşmada təmsilçimizin bütün qollarını Tural Qürbətov vurub. “Xəzər” növbəti oyunu da qələbəylə başa vurub. Divizion klubu bu dəfə Bolqarıstanın 1-ci peşəkar liqasında mübarizə aparan “Vereya”nı üstələyib - 2:1. Ramil Həsənov dublla yada qalıb.
Bu arada Xəzər” növbəti transferini reallaşdırıb. Belə ki, mövsümün ilk yarısını Şimali Kiprin "Yeniboğaziçi" klubunda keçirən Nodar Məmmədovla cari mövsümün sonuna qədər müqavilə imzalanıb. "Şahdağ"ın yetirməsi olan 30 yaşlı müdafiəçi müxtəlif illərdə "Qarabağ", MOİK, "Qəbələ", "Rəvan", "Sumqayıt" və "Xəzər Lənkəran"da oynayıb.