“Şeffild Yunyated”, “Almeriya”, “Salernitana”, “Bohum”, “Maynts-05” və “Lion”.
Sizcə, bu klubları nə birləşdirir? Adını çəkdiklərimiz “böyük beşlik”də bu mövsüm qələbəyə həsrət qalan kollektivlərdi. Həmişə iddialı görməyə alışdığımız “Lion”un bu siyahıda olması mövsümün əsas sürprizlərindən biridi. Bu baxımdan “Lion”la “Ayaks” arasında paralellər aparmaq olar. Əsrin əvvəllərində ardıcıl 7 il (2002-08) çempion olmaqla “böyük beşlik”də yeni tarix yazan “Lion” indi tarixi tərsinə yazır. Bukmekerlər artıq bu komandanın Liqa-1-i tərk etməsinə pul qoyuluşu qəbul edir! Bu yazıda komandada başverənlər və fiaskonun səbəbləri barədə danışacağıq.
Blan “arzusuna çatdı”
İlk 9 tura 3 heç-heçə, 6 məğlubiyyət! Klubun tarixində heç vaxt və heç bir liqada bu cür uğursuz başlanğıc olmayıb. Təkcə bir faktı vurğulayaq ki, “Lion” bu mövsüm yalnız bir dəfə - 8-ci turda evdə “Loryan”la qarşılaşmada (3:3) hesabda öndə olub. Pley-offda oynamağa imkan verən 16-cı pillə ilə aradakı xal fərqi indidən 6-ya bərabərdi.
“Lion” yay hazırlıq dönəmində, demək olar, bütün normal komandalara uduzdu və ən əsası çox bərbad bir transfer dönəmi keçirdi. Transferlər haqda az sonra ətraflı danışacağıq. Komanda mövsümə Loran Blanın başçılığı altında hazırlaşmışdı. Amma 2022-nin oktyabrından bu vəzifəni icra edən Blan sanki əvvəlcədən işlərin qaydasında getməyəcəyini bilirdi. İlk turda “Strasbur”a qarşı keçirəcəkləri oyundan təxminən 10 gün öncə o, yarızarafat, yarıciddi “ən vacib oyunumuz “Sttrasbur”a qarşıdı. Amma həmin vaxta qədər vəzifəmdə qalıb-qalmayacağımı bilmirəm” dedi. Komanda səfərdə “Strasbur”a 1:2, ardınca evdə “Monpelye”yə 1:4 məğlub oldu. Blan 2-ci turdan sonra jurnalistin “komandada nəyi dəyişmək lazımdı” sualına isə “baş məşqçini” cavabını verdi. 57 yaşlı mütəxəssis 5-ci turdan sonra “arzusuna çatdı” və istefaya göndərildi. Həmin vaxt komanda 2 heç-heçə, 3 məğlubiyyətlə 16-cı pillədə idi. Qrem Potter fransızların təklifini düşünmədən rədd etdi. Paulo Fonseka, Xulen Lopeteqi və Cennaro Qattuzo ilə anlaşmaq mümkün olmadı. Nəticədə baş məşqçi postuna Fabio Qrosso gətirildi. 2006-da İtaliyanın qazandığı dünya çempionluğunda baş rollardan birini oynayan Qrosso futbolçu kimi 2 il (2007-09) “Lion”un şərəfini qoruyub. Amma məşqçi kimi onun ciddi uğuru yoxdu. “Dişə vurulası” yeganə göstəricisi 2021/22-də “Frozinone”ni A seriyasına yüksəltməsidi.
Məşqçi dəyişdi, vəziyyət daha da pisləşdi
Qrossonun təyinatından bəri yaxşılığa doğru heç nə dəyişməyib. Komanda onun rəhbərliyi altında Liqa-1-də keçirdiyi 4 qarşılaşmadan 1 heç-heçə, 3 məğlubiyyət ilə ayrılıb. Blanın dönəmində heç olmasa, paltardəyişmə otağında vəziyyət sakit idi. Amma Qrossonun dönəmində bu baxımdan da vəziyyət pisləşib. Ötən həftənin əvvəlində “Ekip” nəşrində 45 yaşlı italiyalı məşqçiyə dair yazı dərc olundu. Həmin yazıdan belə məlum oldu ki, komandada onu heç kim sevmir. Oktyabrın 24-də “Monako” və PSJ-nin sabiq futbolçusu, hazırda Fransanın əsas futbol analitiklərindən sayılan Jerom Roten “RMC Sports”un canlı yayınında “komandada Qrossonun üzünə sakit şəkildə baxa bilən cəmi bir futbolçu qalıb” açıqlamasını verdi. Onun sözlərinə görə, bəzi oyunçular italiyalını indiyə qədər karyeralarında gördükləri ən zəif məşqçi sayırlar! Belə informasiyaların çölə sızması Qrossonu çox əsəbləşdirdi və vəziyyət maksimum gərgin həddə çatdı. Ertəsi gün səhər saatlarında Qrosso oyunçuları bazaya toplayaraq onlarla təcili toplantı keçirdi. O, öz narazılığını Rotenə bildirən futbolçunun kim olduğuna aydınlıq gətirmək istədi və “kim məndən narazıdısa, hamının içində bunu etiraf etsin” dedi. Maraqlıdı ki, Qrosso futbolçulara yarım saat vaxt verdi və bu müddətdə heç kim ayağa qalxmağa, məşqçidən narazı olduğunu onun üzünə deməyə cürət etmədi! İtaliyalı həmin günə planlaşdırılan məşqi ləğv etdi və futbolçulara “mənim də öz informasiya kanallarım var və bu söz-söhbətin hardan çıxdığını müəyyənləşdirəcəm” dedi. Sonradan məsələyə rəhbərlik də qarışdı. Bəzi yönəticilər “Qrossoya qarşı olduğunu etiraf edən olmadısa, bütün futbolçuların məşqçini dəstəklədiyinə dair press-reliz hazırlayaq” təklifini irəli sürdülər. Bu məsələ ertəsi gün həll olunmalıydı. Amma press-relizdən bir xəbər çıxmadı. Qrossonun bu vəzifədə hələ nə qədər qalacağı bilinməsə də, bir məqam dəqiqdi ki, o artıq “Lion”dakı dönəmini həyatının sonuna qədər unutmayacaq. Çünki ötən həftəsonu “Marsel”lə keçirilməli olan səfər oyunundan öncə, bilindiyi kimi, “Lion”un avtobusu daş-qalaq edildi. İçi pivə ilə dolu olan şüşə Qrossonun avtobusda əyləşdiyi yerə tuş gəldi və düz onun gözünə dəydi! Qan içində qalan məşqçinin gözünün üstünə 15 tikiş qoyuldu. O, sırf təsadüf nəticəsində gözünü itirmədi. Pivə şüşəsi cəmi bir neçə millimetr aşağı dəysəydi...
Elekstroskuterdə gəzən və boş vədlər verən...
İndi isə keçək problemlərin başlıca səbəblərinə. “Lion” fanatlarının sevimli bir zarafatı var. Onlar klubun yeni sahibi Con Tekstorun elektorskuterdə gəzməsinə ironiya ilə yanaşırlar. Bu ironiya ondan ibarətdi ki, Tekstor benzinə pul ödəməmək üçün elektroskuterdə gəzir və topladığı pulu kluba xərcləyir. 58 yaşlı amerikalı iş adamı həqiqətən də elektroskuterdə gəzməyi xoşlayır. Məsələn, bu ilin avqustunda o, “Lion”un stadionunu məhz bu şəkildə tərk etmişdi. Tekstor hələ ki iş görməkdən çox vədlər verir. O, “bu gün-sabah” deyə-deyə günü-günə satır. Fanatların isə kluba ediləcək investisiyaları gözləməkdən saçı ağarıb. Tekstor ötən ilin dekabrında “Lion”un sahibinə çevrildi. Ona məxsis “Eagle Football Holdings” investisiya şirkəti “Lion”un majoritar aksiyalarının 77,49 faizini ələ keçirdi. Əvvəlki məşhur prezident Jan-Mişel Olya 1987-ci ildən klubun başında idi. “Lion” Tekstorun şirkətinin ələ keçirdiyi ilk klub deyil. Tekstordan başqa daha 3 nəfər tərəfindən idarə olunan şirkət eyni zamanda Braziliya təmsilçisi “Botafoqo”, Belçika təmsilçisi RVDM, İngiltərə təmsilçisi “Kristal Pelas”, eləcə də ABŞ-da yerləşən “Florida” adlı gənclər üçün nəzərdə tutulmuş hazırlıq mərkəzinin sahibidi. Tekstorun öz biznes-sxeminə “Lion”u da əlavə etməsi fanatları narazı salır. Amma problem tək bunda deyil. Tekstor həm də etibarlı investor sayılmır! O, “Lion”u hələ 2022-nin yayında almalıydı. Amma hesabında lazımi vəsait olmadığına görə danışıqlar yarım il uzandı. Klubu ələ keçirdikdən sonra Tekstor ötən mövsümün qış transfer dönəmində 86 milyon avro xərcləyəcəyinə söz verdi. Amma cəmi 23 milyon avro xərcləndi ki, bunun da 10 milyon avrosu onun digər klubu “Botafoqo”nun hesabına keçdi. Transferə xərclənilən məbləğ heç bu yay da 86 milyon avroya çatmadı! İndi də bu iş adamı kluba 300 milyon avro vəsait yatıracağına söz verib. Söhbət yeni investorların tapılmasından getmir. Sadəcə, Tekstor 16 ildi kluba məxsus olan və əsasən əyləncə üçün nəzərdə tutulan arenanı, eləcə də “Lion”un qadınlardan ibarət komandasını satmaq istəyir. Düzdü, onun növbəti vədindən sonra ortaya yeni problem çıxdı. “İconic” şirkəti Tekstordan “Lion”un alınmasına xərclənən 75 milyon avronun qaytarılmasını tələb edir. Həmin məbləği Tekstor bu şirkətdən borc götürüb. Şirkət iddia edir ki, iş adamı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Qısası, Tekstorun idarəçilik üslubu hələ ki çox sadədi. O, yüksək investisiya vəd edib az məbləğ xərcləyir. Sonra daha yüksək investisiya vəd edir...
...“Əlinin papağını Vəlinin başına qoyan” prezident
“Lion”un bu yay transfer dönəmindəki fəaliyyəti isə tam ayrı bir lətifədi. Loran Blan dayaq yarımmüdafiəsi mövqeyinin mütləq güclənməli olduğunu deyirdi. Bunun üçün hətta “Selta”lı Renato Tapiya ilə razılıq da əldə olunmuşdu. Amma bu transfer əvvəlcə donduruldu, sonra da ləğv olundu. Məsələ burasındadı ki, hər yay Fransa klublarının illik büdcəsi, eləcə də maddi durumu xüsusi komissiya tərəfindən yoxlanılır. Bunu ona görə edirlər ki, heç bir klub mövsümün gedişində müflis olmasın və çıxışını dayandırmasın. Tekstor 60 milyon avroluq mövsümlük büdcə qeyd etsə də, komissiya bununla bağlı sənədlərdə heç bir zəmanət tapmadı və kluba sanskiya tətbiq etdi! “Lion”un apellyasiyası da rədd olundu. Nəticədə komissiya hər transferi, xərclənən pulu və illik məvacibi ayrı-ayrılıqda yoxlamalı oldu. “Lion” iki ən perspektivli futbolçusu ilə vidalaşdı. Bredli Barkolya 45 milyon avroya PSJ-yə, Kastello Lukeba isə 30 milyona avroya “Leyptsiq”ə satıldı. Dayaq yarımmüdafiəsi mövqeyi azad agent statusunda olan Ensli Meytlend-Nayls ilə gücləndirildi. Blan isə onunla bağlı “yaxşı oyunçudu, amma dayaq yarımmüdafiəçisi deyil” dedi. Sonra diqqət “Betis”li Qido Rodrigesə yönəldi. Bu transferə pul çatmadığı (!) üçün 3 milyon avroya onun “Betis”dəki əvəzləyicisi, heç vaxt əsas heyət üzvü sayılmayan Pol Akuoku transfer edildi. Ehtiyat skamyanın genişlənməsi üçün 1 milyon avroya irlandiyalı mərkəz müdafiəçisi Ceyk O`Brayen transfer edildi. Sizcə, hansı klubdan? Tekstorun digər klub “Kristal Pelas”dan! Halbuki o, ötən mövsüm bir rəsmi oyun keçirməmişdi. Sizcə, O`Brayen “Kristal Pelas”a hardan gəlmişdi? Bəli, Tekstorun digər klubu olan RVDM-dən. Ən “möhtəşəm” transfer isə 19 yaşlı istedadlı forvard Ernest Nuamadı. Ötən mövsümü “Norşellan”da 12 qol, 4 məhsuldar ötürmə göstəriciləri ilə tamamlayan qanalı futbolçu yayda 25 milyon avroya RVDM-yə (!) keçərək Belçika çempionatı tarixinin ən bahalı transferi oldu. Amma bu klubda bir oyuna belə çıxmadan icarə əsasında “Lion”a keçdi. Beləcə Tekstor “Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına” qoya-qoya klubu idarə edir. Bu cür idarəçilikdən sonra “Lion”un belə durumda olması təəccüblü görünməməlidi.
Əvvəlki və yeni rəhbərlik arasında münaqişə
Jan-Mişel Olya aksiyaların majoritar hissəsini satsa da, anlaşmaya görə 2025-ə qədər prezident vəzifəsini icra etməli idi. Amma bu ilin mayında Tekstor Olyanı rəhbərlikdən kənarlaşdırdı! Onun əlində indi yalnız 9 faizlik minoritar hissə qalıb. Bunun səbəbi onların “Lion”in gələcəyi mövzusunda yaşadıqları fikir ayrılığıdı. Maliyyə komissiyası kluba sanksiya tətbiq etdikdən sonra Olya bunları dedi: “Mənim 35 illik dönəmimdə heç vaxt bu cür problem yaşamamışdıq. Əksinə, komissiya həmişə maddi durumumuzu və idarəçilik üsulumuzu tərifləyirdi”. “Ekip”in iddiasına görə Olyanın yaxınları Tekstorla göğrüşüb vəziyyətdən çıxış yolu ilə bağlı məsləhətlər vermək istəyirdi. Amma Tekstor görüşdən imtina etdi. Yeni baş direktor Santyaqo Kuççinin “belə görünür, Olyadan bizə nə qalıbsa, onunla da kifayətlənməli olacağıq” sözünə sabiq prezident belə cavab verdi: “”Özümə qarşı hörmət tələb edirəm. Unutmayın ki, mənim dönəmimdə “Lion”un bütün komandaları ümumilikdə 76 titul qazanmışdı”.
Transfer dönəminin bağlanmasına bir gün qalmış Olya “Lion”un hesabındakı 14,5 milyon avronu donduraraq klubun onsuz da yaxşı olmayan transfer fəaliyyətini bir qədər də çətinləşdirdi. Köhnə və yeni rəhbərlik arasındakı bu münaqişə artıq fanatları da boğaza yığıb. Ev oyunlarında tez-tez bununla bağlı bannerlərə rast gəlmək olar.
Ümid varmı?
Yayda azad agent statusunda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttifaq”a yollanan “Lion”un əsas qol silahı Mussa Dembele bu transferdən sonra klub rəhbərliyini “ağ yuyub, qara sərdi”. O, bu yay, eləcə də əvvəlki illərdə klubdan ayrılan futbolçuların çox düzgün qərar verdiklərini dedi. Dembele eyni zamanda “Lion”un baş skautu Bruno Şeyrunun futbolçulara bir əşya kimi baxdığını və onlarla kölə kimi davrandığını əlavə etdi. O, idman direktoru Vensan Ponsonun isə futboldan anlayışının olmadığını vurğuladı. Artıq fanatlar da çarəsizdi. Onlar ilk məğlubiyyətlərdən sonra futbolçuları ruhlandırmağa, hansı klubun şərəfini qoruduqlarını yadlarına salmağa çalışsalar da, bunun da bir faydası olmadı. 7-ci turda “Reyms”ə məğlubiyyətdən sonra futbolçular öz fanatlarının olduqları tribunanın önünə gəlsələr də, azarkeşlər orta barmaqlarını göstərərək onları qovdular. 9-cu turda isə “Lion” hətta evdə sonuncu pillədəki “Klermon”a da uduzmağa “özündə güc tapdı”!
Amma bəzi məqamlar göstərir ki, ümid hələ tam ölməyib. “Lion”un bu duruma düşməsi hələ də bəzi oyunçuları ciddi şəkildə narahat edir. Bir matçdan öncə kapitanı Aleksandr Lyakazettin klubun himnini oxuması diqqət çəkdi. O, kameraya tuş gəlməsindən xəbərsiz idi. Sabiq “Bavariya”lı Korenten Tolisso isə məğlubiyyətlərdən birindən sonra göz yaşlarını saxlaya bilməyərək “mən uşaqlıqdan “Lion” azarkeşiyəm və klubu heç vaxt bu cür durumda görməmişəm” dedi. Bu cür oyunçulardan başqa heyətdə Xorvatiya ilə DÇ-2018-in finalında oynamış Deyan Lovren, eləcə də Argentinanın heyətində son mundialın qalibi olmuş Nikolas Talyafiko kimi isimlər var. Yəni uğursuz transfer fəaliyyətinə baxmayaraq, “Lion” heyətinə görə ən azı elitada qalmaq uğrunda mübairə aparmalı olan komanda deyil. Amma bunun üçün ilk növbədə normal futbol oynamağa və nəticə qazanmağa başlamaq lazımdı.
ƏLİ RAUFOĞLU