Romançuk: ”Bizim müdafiəçi sizin futbolçuya zərbə vurdu”
“Neftçi”nin ardınca “Kəpəz”in də yoldaşlıq görüşündə 1:8 hesabıyla məğlub olması gündəmi zəbt etdi. Halbuki heyəti yetərincə güclənən qərb təmsilçisi buna qədər keçirdiyi iki oyunda gələcək adına ümid vermişdi. Əlbəttə, “Yagelloniya” ilə “Kəpəz”i tərəzinin eyni gözünə qoymaq mümkün deyil. Biri Azərbaycan çempionatının autsayderidi, digəri Polşada 4-cü sırada yer alan komanda. Ötən sayımızda Yunis Hüseynovun biabırçı nəticəylə sonuclanan qarşılaşmadan sonrakı müsahibəsini təqdim etmişdik. Bu dəfə rəqib düşərgədə yer alanların fikirlərini diqqətinizə çatdıracağıq.
“Yagelloniya”nın baş məşqçisi İreneuş Mamrot klub saytına açıqlamasında oyunu belə şərh edib:
“Komandamın ilk hissədəki çıxışından çox razı qaldım. Nəticədən başqa meydanda istədiyimizi də etdik. Hücum futbolu oynamaq istəyirdik. Fasiləyədək daha çox hücumda olduq. İkinci hissədə müəyyən çatışmazlıqlar oldu. Buna rəğmən, yenə topa daha çox biz yiyələnirdik. Ancaq birinci hissədəki kimi üstün futbol sərgiləmədik. Çox az təhlükəli hücumlar etdik. Rəqib isə iki dəfə bizə həyəcan yaşatdı və son dəqiqələrdə qol vurdu. Bu səhvə yol verməməliydik. Ümumilikdə oyun ürəyimcə oldu. Əvvəlki yoxlama matçları ilə müqayisədə bu dəfə bizim üçün daha asan oldu. Qarşıdakı iki oyunda daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Hər şeyi həmin matçlarda daha yaxşı görəcəyik. Məncə, oyunumuzun səviyyəsi getdikcə yüksələcək”.
Polşa təmsilçisinin kapitanı, ukraynalı Taras Romançuk isə bizimlə söhbətdə maraqlı açıqlamalarla yadda qaldı: “Açığı, qələbə qazanacağımıza şübhə etmirdim. Sadəcə, hesab arasında fərq böyük oldu. İkinci hissə göstərdi ki, komandanız nəsə bacarır. Yoldaşlıq görüşlərində belə hallar yaşanır. Onlara yalnız uğurlar arzulayıram. Sağlıq olsun, səhvlərdən nəticə çıxarıb çempionatda daha çox xal yığarlar. Rəqibin heyətində bəzi futbolçuları bəyəndim. Məncə, toplanışdan sonra daha xoş təsir bağışlayacaqlar. Fasilədən sonra meydana çıxanların ikinci heyətin üzvləri olduğunu deməzdim. Hamısı əsas futbolçulardı. Yarısı bir hissə oynadı, yarısı fasilədən sonra. Sadəcə, ilk 45 dəqiqə elə alındı ki, "çərçivə"yə nə zərbə vururduqsa, hamısı qol olurdu. Futbolda belə hallar yaşanır. Ötən yay “Qəbələ” ilə oyunlarımızı xatırlayıram. "Qəbələ" çox ciddi rəqibdi. Oynamaq çox çətin idi. Onlara evdə qalib gəlmək olardı. Ancaq müdafiədəki səhvlər uduzaraq mübarizəni dayandırmağımızla nəticələndi. İmkan olsa, avrokuboklarda yenidən "Qəbələ”ylə görüşmək istərdik. Hə, “Kəpəz”lə oyundakı qalmaqala gəlincə, öncə bizim müdafiəçi sizin futbolçuya zərbə vurdu, bunu mən də gördüm. Əslində o, topa vurmaq istəyirdi, ancaq zərbəsi sizin yarımmüdafiəçiyə (Tərzin Cahangirov - H.) dəydi. Nəticədə qalmaqal yarandı. Əlbəttə, xoşagəlməz haldı. Üstəlik, hesab belə olanda. Hesab 1:1 və ya 1:0 olsaydı, belə dava olmazdı. Ancaq 7:0-da heç yeri yox idi. Sadəcə, ayağa durub əl sıxmaq lazım idi. Necə ki sonda belə də oldu. Qapıçınız (Davud Kərimi – H.) məni vurmadı. Sadəcə, hamı, hətta qapıçınız da dava düşən yerə qaçdı, futbolçuları ayırdıq. Eybi yoxdu, olur belə şeylər. Qapıçıdı, onda emosiya daha çox olur. Halal olsun, komanda yoldaşlarını müdafiə etdi. Baş məşqçi heyəti davaya görə dəyişmədi. Əvvəldən razılıq olmuşdu ki, hər 45 dəqiqədə fərqli heyət oynayacaq. Çünki qarşıda bizi daha iki oyun gözləyir”.
HƏBİB, Bələk