Bu il Quba futbol ictimaiyyəti əlamətdar hadisəni qeyd etməyə hazırlaşır. Bu haqda bilgini rayonda yaşayan sabiq hakim-inspektor, vaxtilə Quba və Qusar “Şahdağ”ının rəisi olan Akif Əliyevdən aldıq. Redaksiyamızla əlaqə saxlayan Akif bəy yubileylə bağlı il ərində silsilə tədbirlərin keçiriləcəyini söylədi: “Futbol üzrə ilk Azərbaycan çempionatı 1928-ci ildə təşkil olunub. Birinci çempionatda 8 komanda medallar uğrunda mübarizə aparıb. Paytaxtın üç komandası ilə yanaşı, Xankəndi, Şəki, Gəncə, Zaqatala və Quba təmsilçiləri Azərbaycan çempionunu məyyənləşdirməyə çalışıb. Sonda Həmkarlar İttifaqının ikinci komandası qızıl medallara sahib çıxıb. Həmin tarixdən 90 il keçdiyindən qərara aldıq ki, yubileyi yaddaqalan şəkildə qeyd edək. Bununla bağlı Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədovla danışıb tədbirlər planını təqdim etmişik. Martda şimal zonası üzrə futzal çemionatı təşkil olunacaq. Mayda böyük futbol üzrə yarış keçirmək niyyətindəyik. Avqustda isə açıq havada mini-futbol turniri keçiriləcək. Ümid edirik ki, AFFA da yubileylə bağlı tədbirlərdə bizə yardımçı olacaq”.
Qubada ilk komandanın yaranma tarixindən də danışan Əliyev rayonun təmsilçisinin 1961-ci ildə Azərbaycan çempionu olduğunu vurğuladı: “Ötən əsrin 20-ci illərində Qubanın mərkəzində hərbi hissə olub. Orda xidmət edən əsgərlərlə qubalı gənclər birləşib komanda yaradıblar. Sonradan məhz həmin komandanın bazasında ilk çempionata qatılan kollektiv formalaşdırılıb. Qubada futbol 20-ci illərdə inkişaf etməyə başlasa da, ilk çempionluq 1961-ci ildə əldə olundu. Çempion heyətin şərəfini qoruyanlardan üçü – Cahangir Hüseynov, Cahangir Müslümov və Adil Cəfərov bu gün də həyatdadılar və Qubada yaşayırlar”.
Quba futbolunun bu gününə toxunan veteran futbol funksioneri rayon rəhbərliyinin bu idman növünü daim diqqətdə saxladığını bildirdi: “Bildiyiniz kimi, hazırda Quba “Şahdağ”ı Region Liqasında mübarizə aparır. Uzun müddət idi rayonun komandası yox idi. Ötən ilin sonlarında İsgəndər Cavadov Qubaya səfər edib icra başçısı ilə görüşdükdən sonra “Şahdağ”ın yeni turnirə qatılmasına qərar verildi. Quba Olimpiya Kompleksinin rəhbərliyi, rayonun Gənclər və İdman İdarəsinin rəisi əlindən gələni edirlər ki, komanda heç bir çətinliklə üzləşməsin. Bəzi iş adamları da imkan daxilində “Şahdağ”a kömək göstərirlər”.
RƏŞAD