Vüqar İsgəndərov: “Abadlıq və quruculuq işləri aparıldığından icra başçısı komandaya kömək edə bilməyəcəyini dedi”
Ötən il noyabrın sonlarında veteran futbolçu, Regional Futbol Federasiyaları İctimai Birliyinin rəhbəri İsgəndər Cavadov bir-bir rayonları gəzib icra başçıları ilə görüşürdü ki, Regional Liqada çıxış etməyə komanda tapsın. Onun “Gəzirəm Azərbaycanı” layihəsi, nəhayət, bəhrə verdi və veteran futbolçunun səyləri nəticəsində AFFA-nın yeni layihəsində çıxış edəcək 24 komanda tapıldı.
Region Liqasında artıq iki tur geridə qalıb və komandalar qış fasiləsinə yollanıb. Ancaq deyəsən, fasilədən sonra bəzi komandalar turnirdən çəkiləcək. Ən azı bölgələrdən gələn xəbərlər belə düşünməyə əsas verir.
Ötən sayımızda Şəki təmsilçisinin adının çəkilməsini istəməyən üzvü qəzetimizə açıqlamasında komandanın baxımsızlıqdan əziyyət çəkdiyini söyləyib. Onun sözlərinə görə, Şəkinin icra başçısı Elxan Usubov, rayonun Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov ilk vaxtlar komandaya dəstək olacaqlarını bildirsələr də, sonda vədlərini tutmayıblar. Bu azmış kimi, rayon aqsaqqallarının komanda üçün topladığı vəsait də Gənclər və İdman İdarəsi tərəfindən dağıdılıb. Futbolçunun sözlərinə inansaq, Şəki komandasının məşq etmək üçün nə normal şəraiti, nə də inventarı var.
Söylənilənlərə aydınlıq gətirmək üçün Şəki rayonunun Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərovu aradıq.
- Region Liqasında çıxış edən “Şəki” komandasının üzvlərindən biri bugünlərdə qəzetimizə açıqlama verib. O rayon rəhbərliyinin komandaya diqqət ayırmadığını bildirib. Bu fikirlərə münasibət bildirmənizi istərdik.
- Bunları sizə kim söyləyibsə, halaldı ona. Sizə məsləhət görərdim ki, komandanın baş məşqçisi ilə əlaqə saxlayın. O sizə lazımi məlumatı verə bilər. Siz nə bilirsiz o kimdi, niyyəti nədi? Siz mənimlə əlaqə saxlamamış öyrənərdiz ki, idarənin rəisi kimdi, işlədiyi 12 ildə nə işlər görüb?
- Məsələhətinizə görə çox sağ olun. Ancaq futbolçu sizin rəhbərlik etdiyiniz idarəni yığılan pulları mənimsəməkdə ittiham edir. Bu səbəbdən də sizin fikirləriniz bizə maraqlıdı...
- Əvvəlcə sizə onu bildirim ki, bu məsələ ortaya çıxanda bizim idarənin heç nədən xəbəri olmayıb. Bakıdan gələn qonaqlar icra başçısı ilə görüşüb gediblər. Sonradan başçı bizə bu haqda məlumat verdi və kömək etmək lazım olduğunu söylədi. Gənclər və İdman İdarəsi AFFA-nın həyata keçirdiyi layihəyə görə cavabdehlik daşımır. Biz nazirliyə tabeyik. Balansımızda olan idman məktəbində fəaliyyət göstərən futbol bölməsi də yüksək səviyyədə işini davam etdirir. Bizim məktəb respublikada ilk “beşlik”dədi. Şəkidə yeni futbol komandasının yaradılması İcra Hakimiyyətinə tapşırılıb. Son vaxtlar şəhərdə bəzi abadlıq və quruculuq işləri aparıldığından icra başçısı komandaya maliyyə sarıdan kömək edə bilməyəcəyini dedi. Bundan sonra şəxsən özüm irəli çıxıb iş adamlarının dəstəyi ilə komandanı saxlayacağımı bildirdim. Bütün respublikada tanınan Əliəhməd halvasını istehsal edən şirkətin rəhbərliyinə müraciət edib, komandaya vəsait ayırmasını xahiş etdim. Hələ bu günə kimi özüm üçün heç vaxt ondan nəsə xahiş etməmişəm. Halva da alanda pulunu vermişəm. Komandanın çempionatda çıxış etməsi bizim üçün şərəf məsələsi olduğundan ona ağız açdım. Dostumuz olduğundan sözümüzü yerə salmadı və 1000 manat yardım etdi.
- Həmin pulun aqibəti necə oldu?
- O kişinin verdiyi pula komanda üçün formalar alındı. Hələ onun verdiyi pulun üstünə də öz cibimdən 180 manat əlavə etdim. Və aldığımız bütün formalar və inventarlar komandaya təhvil verildi.
- Futbolçunun sözlərinə görə, komanda ikinci turda səfərə yollanmaqla bağlı da çətinliklə üzləşib. Bəzi futbolçulara yolpulu verilmədiyindən kollektivə qoşula bilməyib. Yaşanıb belə hal?
- İkinci turda komanda Qaxa yollanmalıydı. İcra Hakimiyyətindən kömək olmadığından, yenə öz cibimdəm səfər xərcini qarşılamışam. Pulu da baş məşqçiyə vermişəm.
- “Şəki”nin məşq etməsi üçün də normal şərait yaradılmayıb. Qapalı məkanda hazırlaşmaq istəyən komandaya işıq yandırmaq qadağan olunub.
- Şəkidəki Olimpiya İdman Kompleksi MMC-di. Onun bizə aidiyyatı yoxdu. Ancaq onu deyə bilərəm ki, heç kim kompleksin müdiriyyətinə müraciət etməyib. Komandaya söz vermişdim ki, bu yöndə onlara yardımçı olacam. Ancaq yenə deyirəm, heç kim bununla bağlı müraciət etməyib. Kimsə nəsə deyə bilər, həqiqəti əks etdirməyən fikirlər səsləndirər. Bu ciddi məsələ olduğundan sənədlərlə, faktlarla danışmaq lazımdı.
- Biz də sizə tribuna verdik ki, yaşananlara aydınlıq gətirəsiz.
- Mənim də fikirlərimi öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Əliəhməd bəydən başqa çay evi işlədən bir dostumuz da komandaya yardım edib. Ötən həftənin birinci günü baş məşçqçi, məşqçi və kapitanla görüşdük. Müzakirələr zamanı qərar alındı ki, yenə bəzi iş adamlarına müraciət edək. Mən yenə bir yaxın yoldaşla razılığa gəlmişəm. Çalışacaq komandaya kömək etsin. İndi onların cavabını gözləyirəm.
- Futbolçulara yolpulu ayırırsız?
- Komandanın büdcəsində pul olsun ki, biz onlara yol pulu ayıraq. Bakıdan gələnlər də bir qədər komandanı düşünsünlər. Həftədə bir dəfə Şəkiyə gəlmək nə problemdi? Şəkilisən də, doğma rayonuna gəlirsən. Gah yolpulu, gah da benzinpulu istədilər. Bir dəfə gəlmək belə çətindi? İndi qərara almışıq ki, bu məsrəf də nəzərə alınsın. Onu da başa düşürəm ki, həvəskar liqa olduğundan hamı təmənnasız oynayır. Hər kəsin başqa işi var, meydana çıxdıqlarına görə pul istəmirlər. Amma bu gün sıxıntı olduğunu, şəhər rəhbərliyinin verdiyi vədi yerinə yetirə bilmədiyini də nəzərə almaq lazımdı. Rəhbərliyi də başa düşürəm, hansı çətinliklərlə üzləşdiyindən xəbərdaram. Mən bu işləri Gənclər və İdman İdarəsinin rəhbəri kimi yox, bir şəkili kimi görürəm. Özüm də idmançı olmuşam. Avropa çempionu, dünya üçüncüsüyəm. Dünyanın 47 ölkəsində Azərbaycanı təmsil etmişəm. Ona görə də idmanın nə olduğunu yaxşı başa düşürəm. Bütün məsuliyyəti üzərimə götürmüşəm, öz cibimin pulunu xərcləyirəm. Və bütün bunların qarşılığında rəhbərlik etdiyim qurum barədə xoşagəlməz söz-söhbətin yayılması mənə pis təsir edir.
RƏŞAD