Erkin İbrahimovdan “Qəbələ”nin menecerinin atmacasına sərt cavab
Ötən şənbə menecer Erkin İbrahimov gündəmi zəbt edən açıqlama ilə yadda qaldı. Erkin bəy tezliklə “Qəbələ”nin baş məşqçi postunda dəyişiklik olacağını, “Astana”ya yollanacaq Roman Qrqiqorçukun əvəzinə şimallıların “sükanı arxasına” “İnter”dən bizə tanış olan Kaxaber Tsxadadzenin keçəcəyini bildirmişdi. Ancaq çox keçmədən onun bu sözlərinə qarşı tərəfdən reaksiya gəldi. Qəzetimizə açıqlama verən “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı Erkin bəyin fikirlərinin həqiqəti əks etdirmədiyini, ukraynalı mütəxəssislə yola davam edəcəklərini vurğuladı. Səbuhi bəy bir qədər də irəli gedib İbrahimovu dolayısı ilə də olsa, özünü ucuz reklam etməkdə ittiham etdi. Görəsən, bu məsələdə kim haqlıdı? Səfiyarlının söylədiyi kimi Erkin bəy özünü reklam edir, ya əlində tutarlı faktlar var? Bu suallara cavab tapmaq üçün dünən hazırda Türkiyədə olan agentlə əlaqə saxladıq.
- Yaxın günlərdə Kaxaber Tsxadadzenin “Qəbələ”nin “sükanı arxasına” keçəyini bildirmisən. Ancaq klubun meneceri Səbuhi Səfiyarlı bu xəbəri təkzib etdi. Yaydığın xəbərin bu gün də arxasında durursan?
- Hörmətli Səbuhi müəllim Mahir Mədətov məsələsində olduğu kimi nə əcəb deməyib ki, Erkin İbrahimov gəlib bizdən üzr istəsin? Mənə elə gəlir, 2018l “Qəbələ”yə düşmədi. Mən bu klubu tanıya bilmirəm. Az-çox klub rəhbərliyində təmsil olunanları tanıyan biri kimi bilirəm ki, hansı məsələlərə hansı formada reaksiya verirlər. Elə düşünürəm ki, oxum tam hədəfə dəyib. Məhz bu səbəbdən də Səfiyarlı belə əsəbi tonda açıqlama verib. Bildiyim qədər Səbuhi məni ucuz reklamda suçlayıb. Burda mənim nə marağım ola bilər? Klubun meneceri yaxşı bilir ki, ölkəmizdə çalışdığı ilk illərdə Kaxa ilə münasibətim yaxşı olsa da, sonradan “mehriban düşmən” olmuşuq. Səbuhi bəyin və “Qəbələ” rəhbərliyinin diqqətinə çatdırmaq istəyirəm ki, ucuz reklam bu deyil. Ucuz reklam Ronaldinyonu bəh-bəhlə Bakıya gətirib, şəkillər çəkdirib, “akademiya açacağıq” deyib, real heç bir iş görməməkdi. Bu işlə mən yox, adını çəkdiyim klub məşğul olur. Bunda heç marağım da yoxdu.
- Bəs bu xəbəri hardan əldə etmisiz?
- “Astana”da çox yaxşı tanıdığım futbolçu var. Komandanın üç liderindən biridi. Rəhbərlik səviyyəsində toplantı olub ki, komandanın aparıcı oyunçuları da orda iştirak edib. Həmin iclasda konkret deyilib ki, Roman Qriqorçuk komandanın yeni baş məşqçisi olacaq. Kaxanın “Qəbələ”yə gəlməsinə gəlincə, hər halda, gürcü mütəxəssis Antalyaya boş yerə gəlməyib. Azərbaycan klublarının, demək olar ki, əksər matçlarında gürcü mütəxəssisi tribunada görmək mümkündü. U-21-in Gürcüstan yığması ilə qarşılaşmasını da canlı izləyib. Türkiyədə olan azərbaycanlı jurnalistlər də mənə onunla bağlı bir-iki fikir bildiriblər. Onların sözlərinə görə, Tsxadadze bizim media nümayəndələrindən kimi görürsə, “Azərbaycanda çalışdığım ilk vaxtlar münasibətimiz ürəkaçan olmasa da, sonradan səhvimi başa düşdüm. Azərbaycanlı jurnalistlərdən heç yerdə yoxdu. Darıxmışam sizin üçün” söyləyir. Bu nə deməkdi? Dərindən fikirləşəndə başa düşmək olar ki, bu sözlər boş-boşuna səslənmir. Bu günə kimi heç bir məşqçinin meneceri olmamışam. Üstəgəl Kaxa ilə heç bir əlaqəm yoxdu. Yaxşı ki, “Qəbələ” rəsmi saytında bəyanat yaymayıb ki, Erkin klubdan üzr istəsin. Məncə, bu xəbər gerçəkdi.
- Səfiyarlı Tsxadadzenin Antalyaya səfərini məhz yığmanın oyunu ilə əlaqələndirib. Bəlkə doğrudan da mütəxəssis ölkəsinin millisinin oyununu izləmək üçün Türkiyəyə gəlib?
- Görürəm ki, Səbuhi bəy Tsxadadze haqda ətraflı məlumata malikdi. Sizə daha bir söz deyim. Müəyyən mənbələrdən Kaxanın “Qəbələ” ilə kimlərin vasitəsiylə danışıq apardığını da öyrənmişəm. Kaxanın Antalyadakı emissarlarının kimlər olduğu da məlumdu. Bunları “feysbuk”da yazmadım ki, Qriqorçuk oxuya bilər. ”Qəbələ”nin menecerinin gürcü çalışdırıcının səfər proqramından xəbəri varsa, deməli, ortada nəsə var. Bəlkə Tsxadadzenin agenti mən yox, Səbuhi bəyin özüdü? Neçə ildi futboldayam, bu sahəyə də jurnalistikadan gəlmişəm. Və bilirəm ki, hansı xəbərə hansı formada reaksiya verilir. Səfiyarlının reaksiyasından bir daha məlum olur ki, bu xəbər düzdü. Bu xəbərin 50 faizi, yəni Qriqorçukun “Astana”ya getməsi düzdü. Kaxanın “Qəbələ”yə gəlməsinə gəlincə, indi danışıqlar prosesi gedir. Bəlkə hansısa detalda razılıq əldə olunmayacaq. Bunu deyə bilmərəm. Amma bəlli olan odu ki, klubun içində Tsxadadzeni “sükan arxasında” görmək istəyənlər, danışanlar var. Ən geci mayın 1-də, Dünya Zəhmətkeşlərinin Həmrəylik Günündə virtual da olsa, Səbuhi bəylə söhbət etməyə hazıram. O vaxt görərik ki, “Qəbələ”nin baş məşqçisi kimdi, “Astana”nı kim çalışdırır.
- “Erkini “İnter”də işləyəndən tanıyıram.Onun Kaxaberlə münasibəti heç də yaxşı deyildi. Son illər baş verən hadisələrdən sonra münasibətləri düzəlib. Ola bilsin, nəyinsə müqabilində Erkin Tsxadadzeni gündəmə gətirib və belə yol seçib”. Səbuhi bəyin söylədiyi bu fikirlərə münasibət bildirməni istərdik.
- Deyəsən, Səbuhi bəy Kaxanın emissarı, agenti və ya mətbuat katibidi. Tsxadadzeni yerdən-göyə qaldıran, onu daim tərifləyən bir adam varsa, o da Səfiyarlıdı. Mənim bütün fəaliyyətim hamıya bəllidi. Nə düşünürəmsə, “feysbuk”da bunu açıq-aydın yazıram. “Qəbələ”nin menecerinin kimlərlə yaxşı münasibətdə olduğunu, nə işlərlə məşğul olduğunu biz də yaxşı bilirik. Ancaq elə nüanslar var ki, onu geniş publikaya açıqlamaq istəmirəm. Ona bəlkə də elə gəlir ki, hamı barədə hər şeyi bilir, onun haqda isə heç kim heç nə bilmir? Yox, hər şeyi yaxşı görür və bilirik. Həyatdı da, kimləsə küsülü də ola bilərsən, sonra barışarsan da. Bununla bağlı Səbuhi bəyə hesabat verəsi deyilik ki... Bu günə kimi kimsə görüb ki, Tsxadadzeni tərifləyim, reklam edim? Olmayıb belə şey. Məncə, mesajım lazımi adamlara çatacaq.
RƏŞAD