Sizin reklam burada

Rusiyada oynayan xeyli soydaşımız var

Müəllif: football Tarix: 29-01-2018, 22:39 1 078 Baxış
Rusiyada oynayan xeyli soydaşımız var
Əcnəbiləri “milliləşdirmək” əvəzinə, onlara diqqət ayırın!
Zaman-zaman aşağı yaş qrupları üzrə yığmalara, U-21-ə və həmçinin əsas milliyə kənardan, Azərbaycanla heç bir bağlılığı olmayan futbolçular dəvət olunur ki, bu da ictimaiyyətdə haqlı narazılıq doğurur. Bu ənənə artıq neçə ildi davam edir. Müstəqilliyin ilk illərində sabiq AFFA rəhbərliyi daha çox postsovet məkanında top qovan oyunçuları “milliləşdirib” yığmanın formasını geydirirdisə, assosiasiyanın hazırkı başbilənləri əsasən türklərlə işbirliyində maraqlıdı. Onların əksəriyyəti də Almaniyada doğulan gənclərdi. Bernard Lippertin sayəsində Azərbaycana ayağı açılan bu oyunçuların da yığma karyerası o qədər uzun çəkmir. Bir müddət sonra ya özləri millinin şərəfini qorumaqdan imtina edirlər, ya da səviyyələri uyğun gəlmədiyindən məşqçilər korpusu onlardan imtina edir.
Elə yığmanın və millinin sabiq üzvü, hazırda Rusiyanın birinci dəstəsində çıxış edən “Ximki”nin məşqçilər korpusunda yer alan Emin Ağayevi də bu məsələ narahat edir. Ötən saylarımızın birinə müsahibə verən Emin bəy Rusiya klublarında yetərincə əslən azərbaycanlı futbolçuların olduğunu, ancaq AFFA rəhbərliyinin onlara diqqət ayırmadığını bildirmişdi. Ona ünvanladığmız “bu uşaqları niyə U-21-ə təklif etmirsiz” sualına 44 yaşlı mütəxəssis belə cavab vermişdi: “Bu işlərlə AFFA rəsmiləri, assosiasiyada bu sahəyə cavabdehlik daşıyan şəxslər məşğul olmalıdı. Açsınlar interneti, görsünlər Rusiya klublarında nə qədər həmvətənimiz çıxış edir. Onları bir müddət izləsinlər, gəlib oyunlarına baxsınlar. Necə ki bütün dünya bu təcrübədən yararlanır. Kimlərin ki səviyyəsi qane edəcək, onları da yığmaya cəlb etsinlər. Bir var mən burdan zəng vurub kimisə məsləhər bilim, bir də var futbolçunun oyununu canlı izləmək. Bu işlərlə vaxtında məşğul olmaq lazımdı. Həmin oyunçu adından söz etdirəndən sonra onu yığmaya cəlb etmək də çətin olur. Onda futbolçu seçim edir: gedim və ya getməyim? Məsələn, mənim oğlum. 17 yaşı var, ikinci dəstədə çıxış edir. Bu günə kimi onunla bir nəfər də maraqlanmayıb. Əvəzində asan yol tapıblar. Türkləri müəyyən pulun qarşılığında yığmada oynatmağa çalışırılar. Onlar da bir müddətdən sonra üz çevirib gedirlər. Xərclənən pullar da batıb-gedir. Özümüzkülərə diqqət ayırmaq, onlara ümid bəsləmək lazımdı. Bilirsiz, ən pisi nədi? Bu uşaqlara nə ruslar, nə də bizimkilər özünki kimi baxır”.
Rusyada məşqçi kimi çalışan soydaşımızın söylədiklərində həqiqət var. Rusiya kimi çempionatı zəif olmayan ölkədə azərbaycanlı futbolçular varsa və onlar peşəkar klubların heyətində yer alırsa, nəyə görə AFFA-da bu sahəyə cavabdehlik daşıyan şəxslər dağa-daşa düşüb müxtəlif yaş qrupları üzrə millilərə oyunçu axtarırlar? Onları axtarıb tapsınlar, yığma məşqçilərinə məsləhət görsünlər. Bir sözlə, sözün həqiqi mənasında “qürbətçi futbolçular”a sahib çıxsınlar. Necə ki bunu türklər, ruslar edir. Bu gün qardaş ölkənin əsas komandasında Almaniyada doğulan, futbolun sirlərini orda öyrənən kifayət qədət oyunçu var. Ruslar da onlardan geri qalmırlar. Bu yay DÇ-2018-ə evsahibliyi edəcək şimal qonşularımız valideynləri ötən əsrin 90-cı illərində Rusyadan Avropaya mühacirət etmiş neçə-neçə gəncə yığmanın formasını geydiriblər.
AFFA-da çalışanlardan fərqli, “Futbol+” olaraq biz Rusiyanın müxtəlif klublarında çıxış edən söydaşlarımızı axtarmağa qərar verdik.
Premyer-liqada Azərbaycanla bağlılığı olan yalnız bir futbolçu var. Bu yaxınlarda qəzetmizə müsahibə verən Ayaz Quliyev “Spartak”ın futbolçusu olsa da, bu qış icarə əsasında “Rostov”a yollandı.
Birinci dəstədə isə belələrinin sayı 7-di. 1994-cü ildə dünyaya göz açan Azər Əliyev Samara təmsilçisi “Krılya Sovetov”un şərəfini qoruyur. Azər ötən mövsüm Samara klubunda 25 oyuna çıxıb və 2 qarşılaşmada adını tabloya yazdırıb. Ruslan Yunusov isə daha gəncdi. “Yenisey”in 3-cü qolkiperi 1999 təvəllüdlüdü. “Zenit-2”də top qovan Leon Musayev Ruslandan bir yaş böyükdü. Yarımmüdafiəçi mövqeyində çıxış edən Leon Rusiyanın U-17, U-18 və U-19 yığmalarına da cəlb olunub. Kamran Əliyevə isə “Ximki”də ümidlər böyükdü. Emin bəy də müsahibəsində perspektivli yarımmüdafiəçi haqda ağızdolusu danışmışdı. Həştərxan Vilayətinin təmsilçisi “Volqar”ın dayaq yarımmüdafiəçisi Artyom Poqosovun ad və soyadı ilk baxışdan bizi çaşdırsa da, atasının adı Raufdu. Dünyaca məşhur “transfermarkt” portalında da 18 yaşlı gəncin Rusiya və Azərbaycan vətəndaşlığının olduğu yazılıb. Samir Məsimov isə bizlərə tanış simadı. Bir müddət “Neftçi”nin düşərgəsində olan yarımmüdafiəçi hazırda Voronej ”Fakel”indədi.
Rusiyanın ikinci dəstəsində isə azərbaycanlıların sayı daha çoxdu. Ölkənin ərazisi böyük, liqada mübarizə aparan klubların büdcəsinin az olduğunu nəzərə alan futbol funksionerləri klublara böyük ziyan dəyməsin deyə çempionatı 5 regiona bölüb. Qərb və Mərkəzdə 14, Cənubda 17, Ural və Volqaətrafı regionunda 13, Şərqdə isə 6 komanda birinci dəstəyə yüksəlmək üçün çalışır. Ümumilikdə ikinci dəstədə Azərbaycanla bağlılığı olan 13 oyunçu var:
ad-soyad təvəllüd mövqe klub
Ruslan Mahmudov 1991 yarımmüdafiəçi Çayka (Peşonopskoye)
David Ozmanov 1995 yarımmüdafiəçi Sokol (Saratov)
Musa İbrahimov 1996 hücumçu NoSta (Novotroitsk)
Tofiq Qədimov 1989 hücumçu Drujba (Maykop)
Aleksey Sirotin 1988 qapıçı Ximik (Novomoskovsk)
İqor Borozdin 1988 yarımmüdafiəçi Dinamo (Bryansk)
Rafael Ağayev 1999 müdafiəçi Stroqino (Moskva)
Rəhim Sadiqov 1996 yarımmüdafiəçi Torpedo (Moskva)
Mahnur Həmzətov 1994 müdafiəçi Ryazan
Mixail Zaytsev 1990 müdafiəçi Legion Dinamo (Mahaçqala)
Nəsir Abilyaev 1995 yarımmüdafiəçi Legion Dinamo
Deviko Xanciqazov 1987 müdafiəçi SKA-Rostov
Samir Babayev 1997 yarımmüdafiəçi SKA-Rostov
Siyahıda yer alanların bəziləri artıq Azərbaycanda çıxış etməyə imkan tapıb. Məsələn, Tofiq Qədimov “Sumqayıt”da baxışda olsa da, məşqçilər koprusu tərəfindən bəyənilməmişdi. Nəsir Abilayev isə “kimyaçılar”la ilyarımlıq müqavilə imza atmışdı. Lakin yarımmüdfiəçi bu müddətdə daha çox əvəzedici komandanın şərəfini qorudu. Ancaq bu o demək deyil ki, siayahıdakı futbolçuların hamısı aşağı səviyyəlidi. Hər halda, onlar haqda geniş məlumatımız yoxdu. Yaxşı olardı ki, yığma məşqçiləri “qürbətçi futbolçular”ı hansısa seleksiya xarakterli toplanışlara dəvət edib, gerçək səviyyələrini müəyyənləşdirəydilər.
RƏŞAD
SON XƏBƏRLƏR